13:55 30-01-2017
news_image
3648
FUTBOL

Ronaldo, Azərbaycan yığması və ya hesaba alınmayan 10 qol - VİDEO

İspaniya La Liqasının XX turunda keçirilən “Betis” – “Barselona” matçı nəticədən çox, hakim səhvi ilə gündəmdədi. Apasport.az saytının məlumatına görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmada baş hakim qonaqların təmiz qolunu hesaba almayıb.

 

Belə ki, “Barsa”nın hücumçusu Luis Suaresin ikinci hissədə cərimə meydanı daxilindən zərbəsi zamanı müdafiəçi topu qapı xəttini keçdikdən sonra geri qaytarsa da, referi “davam” qərarı verib. Bu isə müxtəlif söz-söhbətlərə səbəb olub.

 

Son vaxtlar belə halların tez-tez yaşanması ucbatından bəzi ölkələrdə “qol texnologiyası”ndan istifadə olunmağa başlayıb. Ancaq İspaniya və digər böyük futbol ölkələri hələlik buna ehtiyac duymurlar. Ancaq belə olduqda ciddi narazılıqlar yaranır, hakimlərin və federasiyaların fəaliyyəti şübhə altına düşür.

 

Bununla bağlı maraqlı videorolik hazırlanıb. Həmin videoda “qol texnologiyası”ndan istifadənin vacibliyini ortaya çıxaran sayılmayan 10 qol yer alıb. Bənzər vəziyyətlərdə hakim səhvinə sevinən komandalardan biri də Azərbaycan millisi olub. Belə ki, AÇ-2008-in seçmə mərhələsində baş tutan Portuqaliya – Azərbaycan qarşılaşmasında da analoji hadisə yaşanıb. 2006-cı ilin oktyabr ayının 7-də Portuqaliyada keçirilən görüşdə meydan sahiblərinin lideri Kriştianu Ronaldonun yaxın məsafədən zərbəsi zamanı top əvvəlcə tirə, sonra isə yerə dəyərək geri qayıdıb. Matçın baş hakimi “davam” qərarı versə də, təkrara baxdıqda topun qapı xəttini tam keçdiyi görünür.

 

Siyahıda həmçinin Salli Muntari və Frenk Lempard kimi digər tanınmış futbolçuların da sayılmayan qolları var.

 

Qeyd edək ki, Porto şəhərindəki “Bessa” stadionunda keçirilən Portuqaliya – Azərbaycan oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.