15:31 30-01-2017
news_image
503
TOP OYUNLARI

“Azərbaycan Avropa voleybolu oynayır” - Ukrayna yığmasının oyunçusu

“Ukraynada seçim imkanı olmadığından eyni klubda uzun müddət çıxış etməli olursan. Amma mənim bu yaşda xeyli sayda komanda dəyişməyim müsbət məqam kimi qiymətləndirilməlidi”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna millisinin voleybolçusu Anna Stepanyuk deyib.

 

Ötən mövsüm “Azəryol”un şərəfini qoruyan 25 yaşlı hücumçu Azərbaycanı xatırlayıb. Hazırda İndoneziya çempionatında “Jakarta Pertamina Energy”nin formasını geyinən Stepanyuk legioner kimi çıxış etdiyi ölkələrin çempionatının fərqliliyindən danışıb: “Bunadək Azərbaycan və Türkiyə çempionatlarında da mübarizə aparmışam. Hər dəfə fərqli oyunçularla çıxış edib, fərqli voleybola şahid olub, yeni təcrübə qazanıram. Əminəm ki, bir komandada uzun müddət duruş gətirmək üçün öncə yaxşı təcrübə toplamaq lazımdı. Buna görə də fərqli klublarda çıxış edib, onlardan nəsə öyrənmək lazımdı”.

 

Hücumçu Azərbaycan Super Liqasının səviyyəsinə də toxunub: “Legioner kimi çıxış etdiyim ölkələrdən Azərbaycan və Türkiyə daha çox Avropa voleybolu oynayır. İndoneziyada isə tam fərqlidi. Cənub-şərq voleybolu ilə Şərqi Asiya voleybolu daima fərqli olub. Həmişə Tailand, Yaponiya və Çin komandaların oyununu böyük zövqlə izləmişəm. Hazırlıq prossesinə gəlincə, vətəndə və legioner karyerası zamanı olan məşqləri fərqləndirə bilmərəm. Çünki hər şey konkret məşqçilərdən asılı olur”.