18:12 02-02-2017
news_image
3085
TOP OYUNLARI

“Onların blokunu “dağıdacağıq” – “Azərreyl”in baş məşqçisi

“Azərreyl”in baş məşqçisi Famil Ağayevin apasport.az saytına müsahibəsi

 

- Sabah Azərbaycan Super Liqasında növbəti oyununuzu keçirəcəksiz. “Telekom”la baş tutacaq görüşdən nə gözləyirsiz?

- Bizi bu qarşılaşmada yalnız qələbə qane edir və meydana da bunun üçün çıxacağıq.

 

- İlk II dövrədə tay-brekdə məğlub olduğunuzdan bu matç həlledici əhəmiyyət daşıyır. Çünki çempionluq yolunda əsas rəqibinizə qalib gələ bilməsəz, titulunuzu itirə bilərsiz.

- Onlarla bunadək keçirdiyimiz hər 2 matçda öndə idik. Sadəcə, yekunda uduzduq. Bu da az oyun keçirməyimizin, kifayət qədər təcrübəmizin olmamasından irəli gəldi. Bununla yanaşı, bir qədər arxayınlıq da yarandı və səhvlər buraxdıq. Deməzdim ki, “Telekom” tam üstünlüklə qələbə qazandı. Düzdü, səhvlərimiz də oldu. Həmin səhvləri aradan qaldırıb, əsas rəqiblə oyuna hazırlaşırıq.

 

- Yəqin ki, ilk oyunları kifayət qədər analiz etmisiz. Rəqibinizin güclü tərəfləri hansılardı ki, onları bağlamağa çalışacaqsız?

- “Telekom”un ən güclü mövqeyi blokudu. Çalışacağıq ki, onların blokunu “dağıdaq”. Yəni hücumlarımızı uğurla yekunlaşdıraq.

 

- Bəs heyətlə bağlı planlarınız necədi? Hələ də optimal heyət seçə bilməməyinizin səbəbi nədi?

- Bilirsiz, bu nədən irəli gəlir? Nə qədər çox oyun keçirsək, mən bütün oyunçuları yoxlaya bilərəm. Qarşılaşma az olduğu üçün ilk “altılığı” sınaqdan keçirə bilirəm. Belədə digərlərinin nəyə qadir olduğunu görmək mümkün deyil. Özünüz də bilirsiz ki, çox gec-gec matçlar keçiririk. Bu səbəbdən də 12 voleybolçunun hamısını yoxlaya bilmirəm. Sadəcə, 6 nəfərin gücündən istifadə edirəm.

 

- Maraqlıdı, gənc mütəxəssis komandasında psixoloji maneəni aradan qaldıra bilibmi?

- Son məşqlərdə bütün voleybolçularla tək-tək də, kollektiv şəkildə də danışmışam. Demişəm ki, bu oyun bizim üçün çox vacibdi. Görüşə həm psixoloji, həm də taktiki cəhətdən yaxşı hazırlaşmışıq. İnşallah, hər şey sabah məlum olacaq. İndidən desəm ki, hər şey yaxşı olacaq, yalan demiş olaram. Hər şeyi oyun göstərəcək.

 

- Bəs ümumilikdə Super Liqanın arxada qalan oyunlarına nəzər salsaq, onlardan razısızmı?

- Mövsümün əvvəlində komanda oyununu tam göstərə bilmədik. Voleybolçular bir-birini başa düşmürdü. Həm də bizim bir oyunçu komandaya sonradan qoşuldu. Bundan əlavə, “Telekom” hazırlığa da bizdən tez başlamışdı. Onların heyətində elə oyunçular var ki, 2 ildi birgə çıxış edirlər. Həm voleybolçular, həm də məşqçi bir-birinə doğmadı. Bizdə isə ötənilki heyətdən yalnız Valeriya Məmmədova qalıb. Qalanları isə mövsümün əvvəlində gələnlərdi. Onlara özlərini göstərmək üçün bir az tez başlamaq, Azərbaycan çempionatından əvvəl yoldaşlıq oyunları keçirmək lazım idi. Bizim belə şansımız olmadı. Yalnız bir turnirdə iştirak etdik, o da bir həftəlik. Super Liqanın startındakı çıxışımızdan razı deyiləm. Çünki yaxşı nəticə göstərə, əlimizdəki çıxışları dəyərləndirə bilmədik. Elə “Telekom”la birinci matçda 2:0 hesabı ilə öndə ola-ola yekunda uduzduq. İkinci dövrədə də rəqibin meydanında 2:1 öndə idik. 4-cü setdə də hesabda irəli çıxmışdıq. Lakin öz səhvlərimizdən məğlub olduq. Başqa yerdə günah axtarmağa dəyməz.

 

- Düşünmürsüz ki, burda rəqib komandanın baş məşqçisi Zoran Qayiçin təcrübəsi də rol oynayır? Çünki onunla müqayisədə, siz əsas çalışdırıcı kimi yenisiz.

- Bəli, Qayiç güclü və təcrübəli məşqçidi. Neçə illərdi onu tanıyıram. Mən isə gənc çalışdırıcıyam. Bilirsiz, mən bunu təcrübə ilə bağlamazdım, bu, oyundu. Əgər bir oyunçu meydana çıxıb topu blokdan keçirə bilmirsə, bunun təcrübəyə nə aidiyyatı var? Düzdü, təsdiq edirəm ki, Qayiç böyük məşqçidi. Ona hörmətim var. Bu öz yerində. Amma zalda başqa cürdü. Oyunu məşqçi oynamır ki.

 

- Ən azından komandanı oyuna məşqçi hazırlayır və taktikanı da özü qurur...

- Orası ilə razıyam. O öz taktikasını qurur, mən də öz taktikamı. Amma o taktikanı düzgün yerinə yetirmək lazımdı. Əgər məşqçinin verdiyi tapşırıqlar yaxşı yerinə yetirilirsə, deməli, o komanda yaxşı oynayır. Baş məşqçi kimi təcrübəm demək olar ki, yoxdu. Amma ikinci məşqçi kimi böyük məşqçilərlə çalışmışam. 8 il Faiq Qarayevlə birgə işləmişəm. O, mənim müəllimdi və məşqçi kimi yetişməyimdə də böyük rolu olub. Öyrənəsi hələ çox şeyim var. Allah qismət etsin ki, axıradək işləyək.

 

- Çempionatda artıq 3-cü dövrə başa çatmaq üzrədi. Bir qədər öncə komandanın lazımı şəkildə hazır olmadığını dediz. Yetirmələrinizin artıq bu problemi arxada qoyduğunu demək mümkündümü?

- Bugünkü gün tam hazırıq. Artıq hazırlığa gec başladığımızı deyə bilmərəm. Bəhanənin yeri yoxdu. Komanda tam formadadı. Çempionlar Liqasında 3 matç da keçirmişik. Sadəcə, özümüzü göstərmək lazımdı.

 

- Əgər sabah da “Telekom”la bacarmasaz, nəsə dəyişiklik ola bilərmi?

- Onu sabahdan sonra fikirləşərik. Nə dəyişəcək, nə dəyişməyəcək, bunu oyundan sonra düşünəcəyik.

 

- Amma razılaşın ki, məğlubiyyət çempionatda hardasa marağı öldürəcək. Onda sabah komandanızın “Telekom”a qarşı daha yaxşı oynayacağını demək olarmı?

- Biz də buna çalışacağıq. Məqsədimiz də budu.

 

- Çempionluq savaşı məhz “Telekom”la sizin aranızda gedir. Hələliksə yalnız onlara uduzmusuz, “rabitəçilər” isə məğlubiyyət acısı yaşamayıb. Qarşıdakı oyunlarda “Azərreyl” və ya əsas rəqibinizi hansısa komandanın büdrətməsini heç gözləmirsiz?

- Sürpriz komanda “Azəryol”du. Onlar bizə də, “Telekom”a da gücünü göstəriblər. Hər ikimizə 2:3 hesabı ilə uduzublar. “Azəryol”un həm bizimlə, həm də “Telekom”la oyunlarında hər şey ola bilər. Çünki “Azəryol” sərbəst komanda şəklində oynayır. Buna görə də, meydana rahat çıxırlar və onlarla matçlarda sensasiya ola bilər.

 

- Çempionlar Liqası barədə də fikirləriniz maraqlıdı. Orda işlərinizin yaxşı getdiyini demək olarmı?

- Hələlik “Fənərbaxça”ya məğlub olmuşuq. Onlar güclü komandadı. Deyə bilmərəm ki, türklərlə eyni səviyyədəyik. Onların oyun təcrübəsi çoxdu. Bundan əlavə, heyəti güclü voleybolçulardan qurulub, həftədə 2 görüş keçirirlər. Biz “Lokomotiv”, “Azəryol”, “Telekom”a qarşı oynadığımız halda, onlar daha güclü rəqiblərlə qarşılaşırlar. “Fənərbaxça” ilə matçı sadəcə biz oynaya bilmədik. Mən orda demişdim ki, çıxın mübarizə aparın, savaşın. Uduzmaq olar, amma mübarizə aparmaq lazımdı. Təəssüf ki, İstanbulda heç mübarizə də apara bilmədik. Gərgin matç oldu. Lakin Polşa və Fransa klublarına qarşı yaxşı oynadıq və qələbə qazandıq.

 

- Avrokubokun başa çatmasına 3 tur qalıb. Bu görüşlərdən nə gözləyirsiz?

- Fevralın 9-da Fransanın “Sen-Rafael” klubu ilə oynayacağıq. Onlara səfərdə 3:1 hesabı ilə qalib gəlsək də, arxayınlaşmaq olmaz. Çalışacağıq ki, oyuna yenə ciddi yanaşaq və qələbə qazanaq. Ardınca evdə “Fənərbaxça” ilə qarşılaşacağıq. Tanış komandadı, gücünü bilirik. Onlarla da sonadək mübarizə aparacağıq.