13:59 06-02-2017
news_image
2906
TOP OYUNLARI

Azərbaycan çempionu necə müəyyənləşəcək?

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının Əsasnaməsinin detallarına aydınlıq gəlib. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Voleybol Federasiyasından veriblər.

 

Onlar ölkə çempionatında yerlərin hansı prinsiplə bölüşdürülməsi qaydalarını açıqlayıblar. Belə ki, Super Liqada komandaların yerləri topladığı xalların cəminə əsasən müəyyənləşəcək.

 

Bu, qurumun klassik varianta üstünlük verməsi anlamına gəlir. Hərçənd qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında xallar deyil, qələbə sayı əsas götürülür. Milli assosiasiyaların da beynəlxalq qurumların bu praktikasından istifadə etməsi gözlənilən olsa da, onlar seçimlərində sərbəstdi. Yəni hər yarışın təşkilatçısı öz reqlamentini daha məntiqli saydığı üsula əsasən tərtib edə bilər.

 

Azərbaycan Voleybol Federasiyası da məhz xal hesabının daha önəmli olduğunu hesab edib. Super Liqanın Əsasnaməsində xalların bərabər olacağı halda yerlərin necə bölüşdürülməsi də öz əksini tapıb. Mövsümün sonunda 2 və bir neçə komandanın xalı eyni olarsa, ilk növbədə onların qalib gəldiyi və uduzduğu setlərin fərqinə baxılacaq. Bu da yetərli olmasa, həmin komandanın bütün oyunlardakı toplarının nisbəti əsas götürüləcək. Əgər bu meyarlar da daha güclünü müəyyən etməsə onların öz arasındakı oyunlarda setlərin nisbəti, şəxsi matçlarda qələbələrin sayı nəzərə alınacaq. Bu da yerlərin müəyyənləşdirməsi üçün kifayət etməsə komandalar arasında əlavə oyun keçiriləcək.

 

Beləliklə, Azərbaycan çempionatında son turlardakı rəqabət daha yüksək olacaq.