11:47 23-02-2017
news_image
622
TOP OYUNLARI

“Azərreyl” və “Telekom” rəhbərliyinin nəzərinə: Mayda dəvət gözləyin!

Qadın voleybolçulardan ibarət Azərbaycan klublarının Rusiya Superliqasında iştirakı ilə bağlı məsələyə baxılacaq. Apasport.az saytının məlumatına görə, bunu Ümumrusiya Voleybol Federasiyasının qadın komandaları üzrə kuratoru Vladislav Fadeyev açıqlayıb.

 

O, Bakının “Azərreyl” və “Telekom”, həmçinin İsveçrənin “Volero” klublarına rəsmi dəvətin hələ göndərilməməyinin səbəbinə aydınlıq gətirib. Federasiya rəsmisi bildirib ki, bu dəvət mayın əvvəlində gerçəkləşə bilər. Lakin dəvətdən öncə qurum rəhbərliyi yerli klublarla ölkə voleybolundakı vəziyyəti müzakirə edib, xarici komandaların çempionata cəlb olunması ilə bağlı fikir mübadiləsi aparacaq. Əgər klublar da bu ideyanı dəstəkləyərsə, qonaqlara rəsmi müraciət ediləcək. Bundan sonra isə “Azərreyl”, “Telekom” və “Volero” rəhbərliyi rusiyalıların təklifini dəyərləndirəcək.

 

Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev və “Telekom”un baş məşqçisi Zoran Qayiç, həmçinin “Volero”nun sahibi Stiv Yakubi də yeni formalaşacaq çempionatla bağlı rəsmi təklif almadıqlarından qəti söz deyə bilmədiklərini açıqlayıblar.