14:00 25-02-2017
news_image
4434
FUTBOL

Varşava silləsinin pərdəarxası məqamları: Hər şey dağılmışdı - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin yeddinci yazısı Azərbaycan millisinin ilk əcnəbi məşqçisinin postunu laxladan matça - Varşava silləsinə həsr olunur.

 

İlk əcnəbi məşqçinin ajiotajlı gəlişi

Azərbaycan futbolunun yeni-yeni çiçəklən dönəmi 2004-cü ilə təsadüf edir. Həmin ildən etibarən klublara ciddi maliyyə yatırımları edildi ki, bu, milli komandaya da təsirsiz ötüşmədi. Əsgər Abdullayevin istefasından sonra yığmanın baş məşqçi postu tarixində ilk dəfə bir əcnəbiyə həvalə edildi. Belə ki, dünyaca məşhur futbolçu Karlos Alberto Torres 2004-cü ilin fevral ayında Azərbaycan yığmasının "sükanı arxası"na gətirildi. Bu təyinat ən azı Azərbaycan qədər, Braziliyada da böyük ajiotaj yaratdı, hamı Pelenin kapitanının keçidindən danışmağa başladı. Özü ilə bir məşqçi də gətirən "sambaçı"ya yerli mütəxəssislərdən isə Elxan Abdullayev kömək etməli idi. Torresin vəzifəsi yığmanı DÇ-2006-nın seçmə mərhələsinə hazırlamaq idi. Onun gəlişi milliyə ümidləri birə-beş artırmış, iddialı açıqlamaları azarkeşlərin ürəyinə su sərpmişdi. İnsaf naminə komandamız heç də pis təsir bağışlamırdı. Doğrudu, həmin il seçmə mərhələ çərçivəsində keçirdiyimiz 4 görüşdə cəmi 2 xal toplamışdıq. Uelslə (1:1) və Şimali İrlandiya ilə (0:0) Bakıda heç-heçə edən "sambaçı"nın yetirmələrinin səfərdə Avstriyaya 0:2 və evdə İngiltərəyə 0:1 hesablı məğlubiyyəti başadüşülən idi. Çünki həmin vaxt Avstriya tanınmış futbolçulara, İngiltərə isə tarixinin, bəlkə də, ən güclü heyətinə malik idi.

 

Məğlub ab-havasında səfər

Torresli millimizin rəqiblərə asan təslim olmaması, müdafiə futbolu oynamaması gələcəyə nikbin baxmağa şərait yaradırdı. Üstəlik, komandamız həmin ilin noyabr ayında Bolqarıstanla Bakıdakı seleksiya xarakterli yoldaşlıq görüşündə də qolsuz bərabərə qalmışdı. Hər şey plan üzrə gedirdi... Varşava səfərinə qədər. Braziliyalı mütəxəssisin futbolçulara münasibəti getdikcə dəyişməyə başladı. Daha doğrusu, Torres milli üzvlərinə yaxın məsafədən adi ötürmələri məşq elətdirməyə, bir sözlə, onlara futbolun əlifbasını öyrətməyə çalışırdı. Ancaq onun bu hərəkəti oyunçuları bir növ qıcıqlandırırdı. Nəticədə getdikcə münasibətlər korlandı, federasiyadan bir, məşqçilər korpusundan başqa səs çıxmağa başladı, komanda daxilində qruplaşmalar yarandı. Ab-hava o qədər pis idi ki, yığmamız artıq Polşaya məğlub yollanmışdı.

 

DÇ-2006-nın seçmə qrup mərhələsi

V tur

 

Polşa - Azərbaycan - 8:0

Qollar: Tomaş Frankovski, 12, 63, 66; Aftandil Hacıyev, 16 (avtoqol); Kamil Kosovski, 40; Yatsek Krjinovek, 72; Marek Saqanovski, 84, 90

Polşa: 1. Yeji Dudek, 2. Tomaş Klos, 3. Tomaş Rjasa, 4. Martsin Başçinski, 5. Kamil Kosovski (16. Eusebiuş Smolarek, 46), 6. Yatsek Bak, 7. Radoslav Sobolevski, 8. Yatsek Krjinovek, 9. Matsey Juravski (17. Marek Saqanovski, 75), 10. Miroslav Şimkovyak, 11. Tomaş Frankovski (18. Andjey Nedzielan, 68)

Ehtiyat oyunçular: 12. Artur Boruç, 13. Sebastian Mila, 14. Tomaş Kelboviç, 15. Bartoş Bosaçki

Baş məşqçi: Pavel Yanas

Azərbaycan: 1. Dmitri Kramarenko, 2. Rafael Əmirbəyov, 3. Aftandil Hacıyev, 4. Mahir Şükürov, 5. Emin Quliyev (15. Rail Məlikov, 20), 6. Kamal Quliyev, 7. Vüqar Nadirov (18. İlqar Qurbanov, 46), 8. Aslan Kərimov, 9. Qurban Qurbanov, 11. Nadir Nəbiyev (17. Daniel Axtyamov, 46), 14. Rəşad Sadıqov

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 10. Anatoli Ponomaryov, 13. Samir Abasov, 16. İlqar Əbdürrəhmanov

Baş məşqçi: Karlos Alberto Torres

Sarı vərəqələr: Mahir Şükürov, 28; İlqar Qurbanov, 78

Hakimlər: Nikolay Volkarts, Blankolm Bo Pedersen, Anders Norrestrand, Emil Laursen (hamısı Danimarka)

26 mart 2005-ci il. Varşava, "Voyska Polskiyeqo" stadionu, 9000 tamaşaçı.

 

Het-trik, dubl və ən ağır ikinci yenilgi

Oyuna sürətli başlayan polyaklar erkən qollar sayəsində 2:0 hesabı ilə önə keçdilər. Bu azmış kimi, meydana zədəli halda çıxan aparıcı oyunçulardan Emin Quliyevin ağrıları artdı və yarımmüdafiəçi 20-ci dəqiqədə əvəzlənməli oldu. Fasilə ərəfəsində daha bir dəfə fərqlənən meydan sahiblərinin qol yağışı ikinci hissədə daha da sürətləndi. Nəticədə Polşa millisi son yarım saatda Dmitri Kramarenkonu daha 5 dəfə topu tordan çıxarmağa məcbur etdi. Tomaş Frankovskinin het-trikə imza atdığı qarşılaşmada ötən il karyerasını bitirən Marek Saqanovski meydanda olduğu 15 dəqiqə ərzində dubl etməyə macal tapdı. Bununla da yığmamız Oser faciəsindən (Fransa - 0:10) sonra tarixinin ən acınacaqlı ikinci məğlubiyyəti ilə üzləşdi.

 

"Standart məşqlər futbolçuların xoşuna gəlmirdi"

Polşa səfəri öncəsi yığmamızın hazırlığına qatılan, köməkçi məşqçi kimi braziliyalı mütəxəssisə yardım edən Nadir Qasımov həmin yenilgini həmkarının yanlış iş prinsipi ilə əlaqələndirir: "Polşa ilə matçdan əvvəl yığmamız Bolqarıstanla yoxlama görüşü keçirdi. Həmin vaxt Şakir Qəribovu və məni də kollektivə cəlb etdilər. Baş məşqçi Karlos Alberto Torresə kömək edirdik. Amma Polşaya bizi aparmadılar. Açığı, düşərgədə vəziyyət normal idi. Biz yalnız məşq proseslərində iştirak edirdik, baş məşqçiyə hansısa göstəriş verə bilməzdik. Əsas problem o idi ki, hər gün eyni, standart məşqlər olurdu, heç bir yenilik edilmirdi. Məncə, bu, futbolçuların xoşuna gəlmirdi. Adətən yığma komanda toplaşanda əsasən taktiki məşqlər üzərində çalışmalar olur. Rəqibin oyunu təhlil edilir, ona qarşı strateji iş görülür. Futbolçular da rəqibin oyununun təhlilini, izahını tələb edirdilər. Ancaq Torres belə şeylərə fikir vermirdi. Düzü, mən də buna çox təəccüblənmişdim. Milli komandanın məşqçisinin ilk işi rəqibi öyrənmək olmalıdı. Bizim yığmada belə şeylər yox idi. Taktiki məşqlər, ümumiyyətlə, olmurdu".

 

"Futbolçuların bacarığı elə o səviyyədə idi"

Həmin vaxt yayılan söz-söhbətlərə görə, futbolçular bilərəkdən böyük hesabla yenildilər, loru dildə desək, baş məşqçinin "torbasını tikirdilər". Ancaq Qasımov bu iddianı əsassız hesab edir. O, millimizin həmin dönəmdə, onsuz da, çox zəif olduğunu düşünür: "Futbolçularımız bu səviyyədə oyunlara tam hazır deyildilər. Xaricdən məşqçi gətirilməsinə baxmayaraq, rəqibə sinə gərmək gücündə deyildilər. Həm fiziki, həm taktiki, həm də texniki cəhətdən. Uşaqların çoxu daxili çempionatda çıxış edirdi, yeni-yeni Avropaya addım atırdılar. Seçim zamanı da çətinlik çəkirdik. Yığma səviyyəsində oyunçu çox az idi. Düzdü, baş məşqçinin də işindən çox şey asılıdı. Amma Torres yox, kim olur-olsun, elə bir fərq etməyəcəkdi. Şəxsən mən baş məşqçinin ayağının altının qazılmasından şübhələnməmişəm. Əgər bu, baş məşqçinin "torbasını tikməkdisə", günah futbolçuların özlərindədi. Çünki söhbət Respublikanın komandasından gedir. Millinin adı hallanan yerdə hansı "torba"dan danışmaq olar? Maddi baxımdan da bir problem yox idi. Futbolçular çox yaxşı mükafat alırdılar. İdmançı üçün ilk düşüncə ölkəni uğurlu şəkildə təmsil etmək olmalıdı. Oyunçuların həvəslənməsi üçün yaxşı mükafatlar vəd edilirdi. Şəxsən mən "torba" söhbətinə inanmıram. Sadəcə, futbolçuların bacarığı elə o səviyyədə idi. İndi desək ki, baş məşqçinin "torbası tikilməsəydi", 0:8 yox, 0:2 hesabı ilə uduzacaqdıq, yalan danışmış olardıq. İki günün içində məşqçiyə nə "torba tikmək" olar?"

 

"AFFA rəhbərliyi elə sözlər deyirdi ki, oyuna çıxmaq istəmirdik"

Həmin vaxt millimizin aparıcı üzvlərindən olan Kamal Quliyev isə biabırçı məğlubiyyətdə futbolçulardan çox dövrün federasiya rəhbərliyinin günahkar olduğu qənaətindədi. O, AFFA rəsmilərinin futbolçulara saymazyana davrandığını qeyd edir: "Ukraynada legioner həyatını yeni başa vurub, geri dönmüşdüm. Ən yaxşı formada olduğum dönəmə təsadüf edirdi. Hətta formamın pik vaxtına düşürdü. Amma millinin düşərgəsinə gələndə, ab-hava ürəyimcə olmadı. Atmosfer pis yox, bərbad idi. Çünki rəhbərliyin bir neçə futbolçuya qarşı münasibəti, oyunçuların onlara baxışı ürəkaçan deyildi. Federasiyada məsul olan şəxslər bəzi oyunçuları çağırıb danlayır, onları həvəsdən salırdılar. Oyunöncəsi həvəsləndirmək əvəzinə elə sözlər deyirdilər ki, futbolçular "soyuyur", oyuna çıxmaq istəmirdilər. Ayrı-seçkilik edir, psixoloji atmosferi korlayırdılar. Cürbəcür nüanslar oyunun nəticəsinin belə olmasına səbəb oldu. Millidə atmacalar, ədavətlər saysız-hesabsız idi. Bəzi yığma üzvləri federasiya rəhbərliyi üçün arzuolunmaz futbolçular idi. Bəlkə də, oyunçular arasında gizlində qruplaşmalar da yaranıb. Amma mən heç bir qrupun üzvü olmadığım üçün bunu dəqiq deyə bilmirəm".

 

"Tərcüməçisi bizə deyəndə, donub qaldıq ki, belə taktika olar?"

Buna baxmayaraq, Quliyev Polşaya biabırçı məğlubiyyətin ən böyük səbəbkarının baş məşqçi olduğunu düşünür. O, "sambaçı"nın məşqçi kimi çox zəif olduğunu vurğulayır: "Bu uğursuz çıxışın ən başlıca səbəbi yığmanın baş məşqçisi Karlos Alberto Torresin səhvləri idi. Torres indi haq dünyasındadı, Allah ona rəhmət eləsin. Onun futbolçu karyerasına, avtoritetinə nəinki Kamal Quliyev, heç Trapattoni də söz deyə bilməz. Amma məşqçi kimi fəaliyyəti çox zəif idi. Bir məşqçi sistemini komandaya aşılamaq üçün onu məşqlərdə, yoldaşlıq görüşlərində sınaqdan keçirməli, xətlərarası problemləri; hücumda, yarımmüdafiədə, müdafiədə olan boşluqları üzə çıxarmalı və onu tədricən aradan qaldırmalıdı. Amma karyeram ərzində görmədiyim 2-2-2-2-2 sistemini Torresin sayəsində Polşada gördüm. Bu nə sistem idi bilmirdim, bir ad da vermək olmurdu. Cinahlarımız bomboş qalırdı, hamı mərkəzə yığışırdı. Tərcüməçisi ilə danışırdı, o da bizə deyəndə, donub qaldıq ki, bu nə sistemdi, belə taktika olar? Paltardəyişmə otağında dedi ki, çıxın bu sistemlə oynayın. Təkcə bunu deməklə iş olmur axı. Cinahlar bomboş idi, bilmirsən kimi tutasan, hara qaçasan. Sistem pozulmuşdu, xətlərarası əlaqə yox dərəcəsində idi. Bir sözlə, komandada hər şey dağılmışdı. Ötürmə verməyə futbolçu tapmırdıq. Çünki hamı mərkəzə toplaşmışdı, çaşbaş vəziyyətdə idi. Şəxsən mən fasilədə etiraz elədim. Dedim ki, bilmirəm hara qaçım. Həmçinin digər oyunçular da baş məşqçiyə iradlarını bildirdilər. Deyirdik ki, bizə normal izah edin görək, müdafiə olunanda nə etməliyik, hücuma keçəndə necə oynamalıyıq? Həmin dönəmdəki uğursuzluğun da ilk səbəbi rəhmətliyin bu taktikası idi. Onun bu seçimi komandanı uçuruma apardı".

 

"Bu, baş məşqçinin yox, futbolçuların qurduğu heyət idi"

Varşavadakı görüşdən sonra Torres istefa versə də, AFFA bunu qəbul etmədi. Səbəb isə sadədi: komanda 3 gündən sonra seçmə mərhələnin növbəti matçında İngiltərənin qonağı olacaqdı. Futbolçular isə buna bir şərtlə razılıq verdilər. Onlar baş məşqçinin kənarda dayanmasını tələb edirdilər və İngiltərə ilə oyunun heyətini özləri qurmaq istəyirdilər. Federasiya rəhbərliyi də buna razılıq verdi. Ən diqqətçəkən məqam Polşa ilə oyunu əvəz edilmədən keçirən Kamal Quliyevlə Mahir Şükürovun Nyukasldakı qarşılaşmada kənarda qalmaları idi. Quliyev özü də heyəti baş məşqçinin qurmadığını və start "11-liy"ində olmayacağını gördükdən sonra adının matçın iştirak ərizəsinə salınmamasını istədi: "İngiltərə ilə oyunöncəsi etiraz elədim, dedim ki, oynamayacam. Ehtiyatda oturmaqdan da imtina etdim. Çünki qruplaşmalar yarandığını hiss elədim. Gördüm ki, bu, baş məşqçinin heyəti deyil. Bəzi futbolçuların qurduğu heyət idi. Bəlkə də, rəhbərlikdən belə tapşırıq gəlmişdi".

 

16 aylıq fəaliyyətin ən yaddaqalan hərəkəti

Maraqlıdı ki, İngiltərədən qayıtdıqdan sonra da AFFA Torresi postunda saxlamaq qərarına gəlib. Ancaq iyunun 4-də Polşa ilə Bakıdakı cavab qarşılaşması (0:3) braziliyalı üçün sonuncu olub. Matçın baş hakimi Alberto Undianonun idarəçiliyindən narazı qalan "sambaçı" kəskin etirazların nəticəsində tribunaya göndərilib. Hətta köməkçiləri mane olmasaydı, əsəbindən, bəlkə də, ehtiyat hakimi döyəcəkdi. Torres Azərbaycanda ən yaddaqalan hərəkətini də məhz həmin anda meydandan çıxarkən edib. Belə ki, əlini cibinə salaraq ispaniyalı hakimləri rüşvət almaqda günahlandıran mütəxəssislə 3 gündən sonra yollar ayrılıb. Beləliklə, Azərbaycan millisinin tarixindəki ilk əcnəbi baş məşqçi ölkəmizdə cəmi 16 ay tab gətirə bilib. Əfsanəvi braziliyalı ötən ilin oktyabr ayında, 72 yaşında vəfat edib.

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir