09:16 07-03-2017
news_image
3898
FUTBOL

Ramil Şeydayevin qolunu “qırdı”lar? - VİDEO

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyada mübahisə mövzusu olub. Apasport.az saytının məlumatına görə, “Jilina”da icarə əsasında çıxış edən həmyerlimiz XX turda “Podbrejova” ilə keçirilən səfər matçında ilk qolda böyük rol oynayıb.

 

Maraqlısı burasındadı ki, Avropanın bütün idman saytları “Jilina”nın ilk qolunun müəllifi kimi Filip Xloxovskinin adını yazıblar. Videoyazıya baxdıqda isə fərqli mənzərə ortaya çıxır. Belə ki, 30-cu dəqiqədə Xloxovskinin sol cinahdan ötürməsi zamanı topa tullanan Şeydayev onu başla qapıdan keçirməyə çalışır.

 

Doğrudu, həmin epizodda top tora qovuşur. Qolun Xloxovskinin adına yazılması isə bir qədər mübahisəlidi. Klubun rəsmi saytı Şeydayevin topa toxunmadığını, qapıçını aldatdığını yazıb. Lakin epizodun təkrarı zamanı 20 yaşlı forvardın zərbə vurduğu, yoxsa ötürmədən sonra topun birbaşa qapıya getdiyi dəqiq görünmür.

 

Maraqlıdı ki, “Jilina”nın ikinci qolunda avtoqol qeydə alınsa da, avropalılar həmin topu qonaqların digər hücumçusu Lukas Yanoşikin ayağına yazıblar.

 

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan “Podbrejova” – “Jilina” qarşılaşmasında Ramil Şeydayev 90 dəqiqə mübarizə aparıb. Onun komandası 20 turdan sonra 48 xalla turnir cədvəlinə başçılıq edir.