14:33 03-04-2008
news_image
684
DİGƏR NÖVLƏR

Samir Məmmədov Avropa reytinq cədvəlində ikinci pilləyə qalxıb

Bakı. Kənan Həsənov-APA-Sport. Avropa Həvəskar Boks Assosiasiyası yeni reytinq cədvəlini dərc edib. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıya 20 ən güclü idmançının adı daxil edilib. Azərbaycan milli komandasının üzvləri cəmi iki çəki dərəcəsində təmsil olunmayıblar. Ən aşağı çəkidə (48 kq) Ceyhun Abıyev bir pillə irəliləyərək 19-cu sıraya yüksəlib. 51 kq çəki dərəcəsində Afina Olimpiadasının bürünc mükafatçısı, karyerasını başa vuran Fuad Aslanov 5-ci pillədə yer alıb. Pekin Olimpiadasına lisenziya qazanan Samir Məmmədov 54 kq-da ikinci olub ki, bu da təmsilçilərimiz arasında ən yüksək göstəricidir. Bu çəkidə yeganə dünya çempionumuz Ağası Məmmədov 8-ci sıradakı mövqeyini qoruyub. Pekin Olimpiadasına vəsiqə qazanan yığmanın kapitanı Şahin İmranov (57 kq) 5-ci, Romal Amanov (60 kq) 14-cü, Fərhad Acalov ilə Emil Məhərrəmov (hər ikisi 64 kq) müvafiq olaraq 16-cı və 20-ci, Rahib Bəylərov (75 kq) 6-cı, Elçin Əlizadə (91 kq) 5-ci yeri tutub. 69 kq çəki də yenə heç bir boksçumuz yer almayıb. Ötən siyahıda 20-ci olan Cavid Tağıyevin (81 kq) adı isə yeni reytinq cədvəlinə salınmayıb.