17:47 29-03-2017
news_image
3299
TOP OYUNLARI

“Neftçi” heç bir taktiki gediş etmədi” – çempion baş məşqçi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin və “Lokomotiv” klubunun baş məşqçisi Fərid Cəlalovun apasport.az saytına müsahibəsi

 

- Azərbaycan Yüksək dəstəsində çempion titulunu vaxtından öncə qazandız. “Neftçi” üzərində növbəti qələbədən sonra titulu rəqibinizdən aldız. 3:1 hesabı ilə qalib gəldiyiniz matç barədə nə deyə bilərsiz?

- Ümumiyyətlə, hər iki komanda bizimdi. Həm “Lokomotiv”, həm də “Neftçi”də yığma üzvləri çıxış edir. Heç vaxt Naxçıvandakı qədər azarkeş sədaları altında oynamamışdıq. Məsələn, dünən yerli komanda ilə matçda zala toplaşanların dəstəyi bizə çətin anlar yaşatdı. Bu gün hər 2 komanda yaxşı oyun sərgilədi. “Neftçi”nin bir set almasını normal qarşılayıram. Bu oyun hətta 3:2 hesabı ilə də başa çata bilərdi.

 

- Çempionatın əsas hissəsində “Neftçi” ilə oyunlarınız çətin keçirdi. Hətta ilk görüşdə uduzub, ardınca 3:2 hesabı ilə qalib gəlmişdiz. Sizcə, pley-offda nəyin hesabına qalib gəldiz?

- Bunu sırf taktika ilə əlaqələndirərəm. Çünki “Neftçi” heç bir taktiki gediş etmədi. Sadə voleybol göstərdilər, oyunçu dəyişikliklərindən də az istifadə etdilər.

 

- Çempionat başa çatdıqdan sonra İslam Həmrəyliyi Oyunlarının hazırlıqlarına başlayacaqsız. Bütün heyət yalnız “Neftçi” və “Lokomotiv”dən formalaşacaq?

- Hələ ki, “Naxçıvan”dan bir blokçunu yığmaya cəlb etməyi düşünürəm. Onu da Bakıya özümüzlə aparacağıq. Dərhal yığmanın təlim-məşq toplanışına başlayacağıq. Xaricə səfərlər olacaq.

 

- Hansı ölkələrdə təlim-məşq toplanışları keçirməyi planlaşdırırsız?

- Aprelin əvvəlində İsrailə, sonunda Sloveniyaya gedəcəyik. İlk cəhddə - İsraildə yerli klublarla üz-üzə gələcəyik. Sloveniyada isə yerli komanda ilə yanaşı, Avstriya və Qətər yığmaları ilə qarşılaşacağıq.

 

- İslamiadadakı rəqibləriniz artıq müəyyənləşibmi?

- Bəli. Yarışa 10 komanda gələcək ki, hər qrupda da 5 yığma olacaq. Biz Əfqanıstan, İndoneziya, Pakistan və Türkiyə ilə mübarizə aparacağıq.

 

- Demək olarmı ki, “ay-ulduzlular” istisna olmaqla, bütün rəqiblərə qalib gələcəksiz?

- Niyə də Türkiyəyə qalib gəlməyək? Yaxşı oyun sərgiləsək, məğlubedilməz komanda olmaz.

 

- Komandanın təcrübəli oyunçularından olan Pərviz Səmədov son vaxtlar blokçu kimi deyil, diaqonal hücumçu kimi oynayır. Bu yığma üçün hesablanıbmı?

- O, son vaxtlar mövqeyini dəyişib. Yaşla əlaqədar olaraq, əvvəlki sürəti yoxdu. Bu səbəbdən onu başqa mövqedə oynadırıq.