09:57 07-04-2008
news_image
427
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun komandası Rusiya çempionatında ardıcıl beşinci qələbəsini qazanıb

Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 5-ci turun oyunları baş çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun çıxış etdiyi iddialı “Ural” klubu “Ekonomist-SQSEU-1” üzərində qələbə qazanıb - 3,5:2,5. Birinci lövhədə oynayan T.Rəcəbov qara fiqurlarla rusiyalı Yevgeni Alekseyevə qalib gəlib. Ardıcıl beşinci qələbəsini qazanan və 10 xalla turnir cədvəlinə başçılıq edən “Ural” bu gün “64”lə qarşılaşacaq. Vüqar Həşimovun yer aldığı “Şatar-Metropol” “Politexnik”i məğlub edib - 3,5:2,5. Qara fiqurlarla oynayan qrossmeysterimizin ukraynalı Zaxar Yefimenko üzərində qələbəsi həlledici olub. Hesabında 8 xal olan və ikinci yeri tutan “Şatar Metropol” 6-cı tur çərçivəsində “Ekonomist-SQSEU-1” klubu ilə görüşəcək. Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” isə TPC komandasına 2,5:3,5 hesabı ilə uduzub. Ağ fiqurlarla oynayan həmyerlimiz rusiyalı Andrey Volokitinlə heç-heçə edib. Dörd xalla 8-ci pillədə qərarlaşan “Spasio-Swis” 6-cı tur çərçivəsində FİNEK klubu ilə oynayacaq.
12 komandanın dairəvi sistemlə mübarizə apardığı yarış aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.