21:09 05-04-2017
news_image
485
TOP OYUNLARI

Prezident Avropa çempionatı ilə bağlı sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

 

APA-nın məlumatına görə, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

 

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:

 

Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

 

çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

Viza almaq istəyən şəxslər aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

 

təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2017-ci il avqustun 15-dən oktyabrın 15-dək;

 

çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2017-ci il sentyabrın 1-dən oktyabrın 10-dək;

 

Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək.