13:30 06-04-2017
news_image
801
TOP OYUNLARI

“Hədəfim Bakıda keçiriləcək Avropa çempionatıdı” – Azərbaycan çempionu

“Federasiyadan hələlik rəsmi dəvət almamışam. Amma baş məşqçi ilə söhbətim olub. O mənə dedi ki, tam hazır olsan, komandaya kömək edə bilərsən”. Apasport.az saytının məlumatına görə, bunu bolqarıstanlı voleybolçu Straşmira Filipova deyib.

 

32 yaşlı blokçu Bakının “Azərreyl” klubundan ayrıldıqdan sonra karyerasına fasilə verib. Azərbaycan Super Liqasını qazandıqdan sonra vətənində ailə quran və ana olan Filipova ölkəmizlə bağlı arzularının qaldığını açıqlayıb.

 

2014-2016-cı illərdə “dəmiryolçular”ın şərəfini qorumuş Filipova bildirib ki, paytaxtımızda keçiriləcək Avropa çempionatında uğur qazansa, istəyi tamamlanacaq: “Hələlik istədiyim formada deyiləm. Fiziki cəhətdən artıq özümü yaxşı hiss edirəm. Amma hələlik vaxta ehtiyacım var. 2015-ci ildə əməliyyatdan sonra əsas komandada olmasam da, yenidən ora qayıtmaq arzusundayam. Çünki bu il bizi vacib oyunlar gözləyir. Sırf şəxsi hədəfim isə Bakıda keçiriləcək Avropa çempionatıdı”

 

Qeyd edək ki, Bolqarıstan Avro-2017-də qrup oyunlarını Bakıda keçirəcək. Onlar Ukrayna, Rusiya və Türkiyə ilə birgə C qrupunda yer alıblar.