16:30 08-04-2017
news_image
1563
FUTBOL

“İnter” yaşamalıdı və yaşayacaq da" - Adrian Skarlatake

“Zirə” ilə matç bizim üçün çox vacib oyundu. Qalib gəlsək, çempionatda üçüncü yeri təmin edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun müdafiəçisi Adrian Skarlatake deyib.

 

Paytaxt təmsilçisi ölkə çempionatının XXV turunda “Zirə”nin qonağı olacaq.

 

Bu görüşə qələbə üçün çıxacaqlarını deyən Skarlatake cari mövsümü dəyərləndirib: “Məqsədimiz meydandan 3 xalla ayrılmaqdı. Ümid edirəm ki, qalib gələrək, istəyimizə çatacağıq. Cari mövsüm həm “İnter”, həm də mənim üçün yaxşı keçdi. Hazırda turnir cədvəlində 3-cü pillədə qərarlaşmışıq və bu, bizə Avropa Liqasına qatılmağa imkan verir. Nəzərə alaq ki, komandanın heyəti o qədər də zəngin deyildi və pul məsələsi ilə bağlı problemlərlə üzləşmişdik. Bunlara baxmayaraq, yaxşı mövsüm keçirə bildik”.

 

Rumıniyalı futbolçu gələcək aqibəti hələ də sual altında olan “İnter”in fəaliyyətini davam etdirəcəyinə əmindi: “İnter” yaşamalıdı və yaşayacaq da. Ola bilsin ki, klubun büdcəsi azaldılacaq. Bu, mümkün variantlardan biridi. Amma əsas odu ki, “İnter” fəaliyyətini mütləq davam etdirəcək. Hadisələrin necə cərəyan edəcəyini qarşıdakı həftələr ərzində görəcəyik. Futbolçuların gələcək karyeraları ilə bağlı suallara da yaxın zamanlarda aydınlıq gələcək. Kimin qalıb, kimin gedəcəyi tezliklə müəyyənləşəcək”.

 

30 yaşlı müdafiəçi gələcək karyerası ilə bağlı hansı addımı atacağını hələ dəqiqləşdirməyib. Bununla belə, o, Azərbaycanda qalmaq arzusundadı: “Nə qərar verəcəyimi hələ bilmirəm. Digər futbolçular kimi, mən də qarşıdakı həftələrdə götür-qoy etdikdən sonra qərarımı açıqlayacam. Əgər yaxşı variantlar olsa, xüsusilə də, Azərbaycandan sərfəli təklif alsam, dəyərləndirə bilərəm. İlk olaraq, ölkənizdə qalmaq variantını nəzərdən keçirəcəm. Baxaq, görək. Azərbaycandan təklif olmasa, karyeramı başqa ölkədə davam etdirəcəm”.

 

Qeyd edək ki, Adrian Skarlatake Azərbaycanda “İnter”dən öncə “Xəzər Lənkəran” klubunda oynayıb.