10:07 11-04-2017
news_image
2842
TOP OYUNLARI

“Bakıda gecəyarı olan kimi...” – yığmamızın voleybolçusu

Azərbaycan millisinin yeni voleybolçusu Yelena Yakimçukun apasport.az saytına müsahibəsi

 

- Dünən 26 yaşınız tamam oldu. Ad gününüzü kiminlə və necə keçirdiz?

- Komandadakı rəfiqələrimlə birlikdə qeyd etdik. Adi ad günü idi. Tortla çay içdik. Təlim-məşq toplanışına başladığımızdan təmtəraqlı qeyd etməyimizə vaxtımız yoxdu. Amma burda elə qızlar var ki, şad günümü onlarla keçirirəm.

 

- Doğum gününü təmtəraqlı keçirməyi xoşlayırsız, yoxsa kiçik məclislərlə kifayətlənirsiz?

- Yaxın dostlarımla ailəmə üstünlük verirəm. Təəssüf ki, son illərdə ad günümü evdə ailəmlə keçirmək alınmır.

 

- Bəs onda ən yaddaqalan ad günün hansı olub və nə ilə əlamətdar olub?

- İllər elə sürətlə uçur ki, artıq onları bir-biri ilə qarşıdırıram. Hər ad günü öz-özlüyündə yaxşı olur. Hesab edirəm ki, bu dəfəki də əla alındı.

 

- Bu dəfə ilk təbriki kimdən aldız?

- Məni ilk təbrik edən yaxın dostum oldu. Bu da çox xoş idi. Çünki biz fərqli saat qurşaqlarındayıq. Amma o, bunu nəzərə alaraq, Bakıda gecəyarı olan kimi məni təbrik etdi.

 

- Hansı hədiyyəni xoşlayırsız?  

- Xüsusi hədiyyə gözləmirəm. Mənim üçün əsas diqqətdi. Bunun özü də xoşdu.

 

- Gələcək üçün planlarınız necədi? Sizi yeni mövsümdə yenidən “Azəryol”da görəcəyikmi?

- Növbəti illə bağlı konkret planlar yoxdu. Görək necə olur.

 

- “Azəryol”la Super Liqanın bombardiri olduğunuzdan Azərbaycan millisindən də dəvət aldız. Bu barədə nə deyə bilərsiz?

- Bəli, Azərbaycan millisinə ilk dəfə dəvət almışam. Hələlik ikinci yığmaya cəlb olunmuşam. Amma hər şey özümdən asılıdı. Çalışacam, məşq edəcəm ki, özümü yaxşı tərəfdən göstərim və əsas yığmanın heyətinə düşüm.

 

- Artıq hazırlığa start vermisiz. Məşq prosesi necə gedir?

- Məşqlərə yeni başladığımızdan hər şey xoşuma gəlir. Yaxşı məşqçilərlə intensiv sürətlə çalışırıq. Bundan artıq nə lazım ola bilər ki?

 

- Millimizi qarşıda İslam Həmrəyliyi Oyunları, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələləri gözləyir. Komandamızdan gözləntiləriniz nədi?

- Əlbəttə ki, yığmanın yüksək nəticə göstərməsini istəyirik. Düşünürəm ki, belə də olacaq.