15:29 13-04-2017
news_image
4045
TOP OYUNLARI

Həndbol yığmamızdan qeyri-peşəkarlıq

Bu gün Ukraynanın Herson şəhərində qadın həndbolçular arasında təşkil olunan beynəlxalq turnirə start verilib. Apasport.az saytın məlumatına görə, Azərbaycan millisi Ukraynada ilk oyununu keçirib.

 

Georgi Voronovun baş məşqçisi olduğu komandamız ilk görüşündə Nikolayev şəhərinin “Real” klubu ilə qarşılaşıb. Turnirə qatılan yeganə xarici komanda olan millimiz Ukrayna təmsilçisi üzərində qələbə qazanıb - 49:28.

 

Amma komandamız Ukrayna publikasına qeyri-peşəkarlığını nümayiş etdirib. Belə ki, yığmamız rəqibinə qarşı geydiyi forma ilə diqqətləri üzərinə çəkib. Özəyini “Azəryol” oyunçularının təşkil etdiyi 1 nömrəli komandamız “Real” qarşısına elə klubun forması ilə çıxıb. Belə düşünməyə onların geyimindəki “Azəryol” yazısı əsas verir.

Düzdü, idmançılarımızın sinəsindəki bu yazı klub deyil, artıq Azərbaycan Həndbol Federasiyasının sponsorlarından olan təşkilatın adını da təcəssüm edə bilər. Lakin formanın üzərində yığmanın sponsorunun adı yazılıbsa, geyimlərdə ölkə və federasiyanın rəmzləri də əks olunmalı idi. Bunlar olmadığından həndbolçular yığma deyil, Azərbaycan çempionatında çıxış etdikləri forma ilə meydana çıxıblar.

 

Əslində, uzun illərdi ikinci planda olan, indi “Azəryol” adını daşıyan ABU-nun bazasında formalaşan millinin, ümumiyyətlə, öz geyiminə malik olması belə şübhə doğurur. Görünür, bu da federasiyanın qeyri-peşəkarlığından irəli gəlir.

 

Digər qeyri-peşəkarlıq isə komandanın meydanda Azərbaycan adı altında mübarizə aparmasıdı. Təşkilatçılar və ukraynalı həmkarlarımız təmsilçimizi yığma kimi təqdim etsələr də, görüşün birbaşa yayımında komanda “Bakı” adı ilə “oynadılıb”. Buna isə federasiyanın, yaxud millinin hansısa üzvü narazılıq bildirməyib.

 

Qeyd edək ki, turnirdə Ukraynanın “Qaliçanka” və “Dnepryanka” klubları da mübarizə aparır.