17:46 08-04-2008
news_image
642
DİGƏR NÖVLƏR

Afinada keçirilən lisenziya xarakterli turnirdə Azərbaycanın daha üç boksçusu mübarizəni dayandırıb

Bakı. Kənan Həsənov – APA-Sport. Bakı. Azərbaycanın boks üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən sonuncu lisenziya xarakterli beynəlxalq turnirdə uğursuz çıxış edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, yarışın ilk günündə 75 kq çəki dərəcəsindəki təmsilçimiz Rahib Bəylərovun belaruslu Nikolay Vesilova məğlub olmasının ardından, daha üç boksçumuz lisenziya uğrunda mübarizəni dayandırıb. Bu gün keçirilən döyüşlərdə Rəhim Nəcəfov (54 kq) belaruslu Xavatsi Xatsiqova uduzub. 64 kq çəki dərəcəsindəki təmsilçimiz Fərhad Acalov Yunanıstanı təmsil edən erməni Gevork Qalstyana məğlub olub. 69 kq çəkidə döyüşən Tofiq Əhmədov isə italiyalı Manuel Ernesti ilə bacara bilməyib. Bu nəticələrdən sonra Pekin Olimpiadasına lisenziya qazanmaq şansını cəmi beş boksçumuz saxlayır. Nəriman Abdullayevin etimad göstərdiyi Ceyhun Abıyev (48 kq) Fərhad Pəhləvan (Türkiyə), Romal Amanov (60 kq) Ross Henki (İrlandiya), Elnur Qədirov (81 kq) Qzim Tahiri (Avstriya), Elçin Əlizadə (91 kq) Aleksandr Povernov (Almaniya), Azər Məmmədov (+91 kq) isə Kristian Qlokan (Rumıniya) ilə qarşılaşacaq. Yarışın reqlamentinə əsasən, 54, 69 və 75 kq çəki dərəcəsində ilk üç, digər çəkilərdə isə ilk iki yeri tutan boksçular lisenziya qazanacaq.