12:27 27-04-2017
news_image
2554
FUTBOL

Libertadores Kubokunda əlbəyaxa dava düşdü - VİDEO

Libertadores Kubokunun qrup mərhələsi çərçivəsində keçirilən “Penyarol” – “Palmeyras” matçı qalmaqalla yadda qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Uruqvayda baş tutan görüşdə qonaq komandanın yarımmüdafiəçisi Felipe Melo hadisələrin mərkəzində olub.

 

Qarşılaşmanın final fiti səslənən kimi, sabiq “Qalatasaray”lı rəqib oyunçularla əlbəyaxa olmağa başlayıb. Bəzi futbolçular aranı sakitləşdirməyə çalışsalar da, Melo rəqibi yumruqla vurmağa nail olub. Hadisə yerindən qaçaraq dərhal uzaqlaşan təcrübəli futbolçu asayiş keşikçilərinin də köməyi ilə dəhlizə yollanıb.

 

Stadionun mühafizəçiləri meydanda vəziyyətin gərginləşməsinə imkan verməsələr də, dava-dalaş davam edib. “Palmeyras”ın paltardəyişmə otağının qapısını bağlı görən klubun mühafizəçiləri qapını qırmaq məcburiyyətində qalıblar.

 

Davanın düşməsinə səbəb kimi qarşılaşmadan əvvəl Melonun “qələbə qazanmaq üçün uruqvaylıları yumruqlamaq lazım gəlsə, bunu edərəm” deməsi göstərilib. “Penyarol” oyunçuları da məğlubiyyətin əvəzini Melodan çıxmağa çalışıblar.

 

Qeyd edək ki, səfərdə 3:2 hesablı qələbə qazanan “Palmeyras” 4 turdan sonra 10 xalla yer aldığı qrupa başçılıq edir. “Penyarol” isə 3 xalla sonuncu pillədə qərarlaşıb.