16:59 09-04-2008
news_image
583
DİGƏR NÖVLƏR

Afinada keçirilən lisenziya xarakterli turnirdə mübarizəni dayandıran Azərbaycan boksçularının sayı 7-yə çatıb



Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın boks üzrə milli komandasının üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən sonuncu lisenziya xarakterli beynəlxalq turnirdə uğursuzluq zolağından çıxa bilmirlər. “APA-Sport” agentliyinin məlumatına görə, artıq Nəriman Abdullayevin rəhbərlik etdiyi yığmamızın yeddi üzvü ilk döyüşdə məğlub olaraq lisenziya qazanmaq şansını itirib. Rahib Bəylərovun (75 kq) Nikolay Vesilova (Belarus) 8:20, Rəhim Nəcəfovun (54 kq) Xavatsi Xatsiqova (Belarus) 15:20, Fərhad Acalovun (64 kq) Gevork Qalstyana (Yunanıstan) 9:14, Tofiq Əhmədovun (69 kq) Manuel Ernestiyə (İtaliya) 13:16, Azər Məmmədovun (+91 kq) isə Kristian Qlokana (Rumıniya) 13:14 hesablı məğlubiyyətindən sonra, millimizin veteranı Ceyhun Abıyev də mübarizəni dayandırıb. 48 kq çəki dərəcəsindəki təmsilçimiz türkiyəli Fərhad Pəhləvana 9:16 hesabı ilə uduzub. İlk görüşlərini qələbə ilə başa vuran digər üç boksçumuz bu gün növbəti döyüşlərini keçiriblər. Avstriyalı rəqibi Qzim Tahiri xəstələndiyindən ¼ finala döyüşmədən adlayan Elnur Qədirov (81 kq) almaniyalı Qottlib Veyssə uduzub. İrlandiyalı Ross Hikkini 23:6 hesabı ilə məğlub edən Romal Amanov (60 kq) növbəti döyüşünü Georgian Popeskuya (Rumıniya) qarşı keçirəcək. Almaniya boksçusu Aleksandr Povernov üzərində 18:11 hesablı qələbə qazanan Elçin Əlizadə (91 kq) isə ¼ finalda Meiris Briedislə (Latviya) qarşılaşacaq. Yarışın reqlamentinə əsasən, 54, 69 və 75 kq çəki dərəcəsində ilk üç, digər çəkilərdə isə ilk iki yeri tutan boksçular lisenziya qazanacaq.
Qeyd edək ki, indiyədək cəmi iki boksçumuz – milli komandanın kapitanı Şahin İmranov (57 kq) və Samir Məmmədov (51 kq) Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.