09:41 10-04-2008
news_image
587
DİGƏR NÖVLƏR

Azərbaycan boks yığması Afinada keçirilən lisenziya xarakterli turnirdə uğursuzluğa düçar olub

Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan boks yığmasının səkkiz üzvü Yunanıstanın paytaxtı Afinada keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Pekin olimpiadasına sonuncu lisenziya xarakterli yarışın üçüncü günündə ¼ finala yüksələn üç təmsilçimizdən ikisi məğlub olub. Elnur Qədirov (81 kq) almaniyalı Qottlib Veyssə 11:22, Romal Amanov (60 kq) rumıniyalı Georgi Popeskuya 7:19 hesabı ilə uduzub. 91 kq çəki dərəcəsində döyüşən Elçin Əlizadə isə Meiris Briedisə (Latviya) qalib gəlib – 21:12. Həmyerlimiz yarımfinalda çernoqoriyalı Milorad Qayoviçlə qarşılaşacaq. E.Əlizadə qalib gələcəyi halda, Pekin olimpiadasına lisenziya qazanacaq.
Qeyd edək ki, bundan əvvəl Nəriman Abdullayevin rəhbərlik etdiyi milli komandamızın altı üzvü - Rahib Bəylərov (75 kq), Rəhim Nəcəfov (54 kq), Fərhad Acalov (64 kq), Tofiq Əhmədov (69 kq), Azər Məmmədov (+91 kq) və Ceyhun Abıyev (48 kq) məğlub olaraq mübarizəni dayandırıblar. Yarışın reqlamentinə əsasən, 54, 69 və 75 kq çəki dərəcəsində ilk üç, digər çəkilərdə isə ilk iki yeri tutan boksçular lisenziya qazanacaq.