13:50 04-05-2017
news_image
648
FUTBOL

Lisenziyalaşdırma Qrupunun rəhbəri: Onların ərizəsinə baxılmayacaq

“Premyer Liqanın bütün klubları yeni mövsümlə bağlı sənədlərini təqdim ediblər. AZAL dünən fəaliyyətini dayandırdığını bəyan etdiyi üçün yəqin ki, onların ərizəsinə baxılmayacaq”. Bunu apasport.az saytına açıqlamasında AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov deyib.

 

AFFA rəsmi saytı vasitəsilə mayın 12-də Lisenziya Komissiyasının iclasının keçiriləcəyini və gələn mövsüm Premyer Liqada iştirak etmək istəyən klubların müracətlərinə baxılacağını bəyan edib.

 

Mətbuatda I divizionda mövsümü ilk 3 pillədə başa vuran “Turan Tovuz”, “Səbail” və “Ağsu”, həmçinin “Şəmkir” klubunun lisenziyalarını təqdim etdiyi qeyd edilib. Ancaq assosiasiya rəsmisi ad çəkməsə də, daha çox komandanın sənəd təqdim etdiyini söyləyib: “I divizionda 4-dən çox klub Premyer Liqada iştirak üçün müraciət edib. Adlarını açıqlaya bilmərəm, buna mayın 12-də aydınlıq gələcək. Bəziləri bütün sənədləri veriblərsə, bəziləri hələ tam şəkildə təqdim etməyiblər”.

 

Elçin Məmmədov elitada iştirak etmək arzusunda olan I divizion təmsilçilərinin maliyyə ilə bağlı sıxıntılarını xüsusi vurğulayıb: “I divizionun nümayəndələri də açıqlamalarında qeyd edirlər ki, maliyyə dəstəyi ilə bağlı çətinlikləri var. Bu, heç kimə sirr deyil. Elə indi də bəziləri bildirirlər ki, maliyyə dəstəyi axtarırıq, bunun üzərində çalışırıq. Biz əmin olmalıyıq ki, klubun gələn mövsüm üçün stabil gəlir yeri var və həmin komanda fasiləsiz, davamlı şəkildə Premyer Liqada oynaya biləcək. Əgər hər hansı bir klub bunu bizə isbat edə bilməsə, ona lisenziya verilməyəcək. Klubların vəziyyətini onların nümayəndələrinin açıqlamalarına əsasən özünüz də müəyyən edə bilərsiniz. Təbii ki, Lisenziya Komissiyası Lisenziyalaşdırma Qrupunun rəyinə çox diqqət yetirir. Amma sənədlərə özləri də baxacaq və yekun qərarı komissiya verəcək”.