10:40 12-04-2008
news_image
531
DİGƏR NÖVLƏR

Afinada keçirilən turnirdə Azərbaycan boks yığması Pekin Olimpiadasına lisenziya qazana bilməyib

Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycanın boks üzrə milli komandası Yunanıstanın paytaxtı Afinada keçirilən sonuncu lisenziya xarakterli beynəlxalq turnirdə uğursuz çıxış edib. “APA-Sport” agentliyinin məlumatına görə, Nəriman Abdullayevin rəhbərlik etdiyi yığmamızın doqquz üzvündən heç biri Pekin Olimpiadasına lisenziya qazana bilməyib. Turnirin yarımfinalına yüksələn yeganə təmsilçimiz Elçin Əlizadə (91 kq) çernoqoriyalı rəqibi Milorad Qayoviçə 16:29 hesabı ilə məğlub olub. Bundan əvvəl isə Elnur Qədirovla (81 kq) Romal Amanov (60 kq) ¼ finalda mübarizəni dayandırıb. Milli komandamızın digər altı üzvü - Rahib Bəylərov (75 kq), Rəhim Nəcəfov (54 kq), Fərhad Acalov (64 kq), Tofiq Əhmədov (69 kq), Azər Məmmədov (+91 kq) və Ceyhun Abıyev (48 kq) ilk döyüşdə uduzublar. Bununla da cəmi iki boksçumuzun Pekin Yay Olimpiya Oyunlarında iştirak edəcəyi dəqiqləşib. Samir Məmmədov (51) ötən il ABŞ-ın Çikaqo şəhərində keçirilən dünya çempionatında, millinin kapitanı Şahin İmranov (57 kq) isə martda İtaliyanın Peskara şəhərində təşkil olunan beynəlxalq turnirdə lisenziya qazanıb.
Qeyd edək ki, 2004-cü ildə Afinada keçirilən olimpiadada 9 Azərbaycan boksçusu iştirak etmişdi.