14:36 26-05-2017
news_image
914
TOP OYUNLARI

Azərbaycan çempionu yığmaya kömək edə bilməyəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın blokçusu Olena Həsənova İstanbulda əməliyyat olunub.

 

Belə ki, “Telekom”la Azərbaycan çempionu olan 22 yaşlı oyunçu İslam Həmrəyliyi Oyunlarının startı ərəfəsində ciddi ağrılar hiss edib. Bu səbəbdən müayinə olunan Həsənovanın qarın əzələlərinin altında yırtığının yenidən problem yaratdığı ortaya çıxıb və o, yarışda iştirak edə bilməyib.

 

Bir gün öncə isə “Acibadem Fulya Hastanesi”ndə cərrahiyə stoluna uzanan voleybolçumuz əməliyyatdan uğurla çıxıb. Onun həkimi Ömər Faruk Taşerin sözlərinə görə, blokçumuz 2-3 aydan sonra meydana dönə biləcək. Bu isə o deməkdi ki, Olena İslamiadanın ardınca mayın sonunda start götürəcək dünya çempionatının sonunda da yığmamıza kömək edə bilməyəcək.