11:31 13-06-2017
news_image
3694
TOP OYUNLARI

Həndbol yığmamızda nə baş verir?

Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, Avro-2020-nin seçmə mərhələsinə vəsiqə xarakteri daşıyan yarışda Azərbaycan millisi də qüvvəsini sınayır.

 

İslam Həmrəyliyi Oyunlarında özünü doğrultmayan komanda C qrupunda ilk görüşünü Andorraya qarşı keçirib. Həndbolçularımız “cırtdan ölkə” təmsilçisinə 31:23 (15:6) hesabı ilə qalib gəlib.

 

Komandamızın heyətində İslamiada ilə müqayisədə xeyli dəyişiklər edilib. Bu da komandada yaşı 23-dən artıq 3 həndbolçunun meydanda olması ilə bağlıdı.

 

Lakin 1 ay öncə legionerləri heyətə qatmaqla qınaq obyektinə çevrilən Azərbaycan Həndbol Federasiyasının əcnəbiləri ölkələrinə qaytardığı iddia edilib. Həmçinin, kişi həndbolçuların da qadınlardan ibarət millimizdə olduğu kimi qeyri-qanuni oynadığı bildirilir. Bolqarıstanda mübarizə aparan yığmamızda artıq iranlı Həmid Vəhabi, rusiyalı Oleq Georgevski, serbiyalı Dalibor Şukiç, yaxud vətəndaşlığı barədə internetdə məlumat olmayan İvan Tseliapnu kimi oyunçuların xidmətinə ehtiyac duyulmayıb.

 

Əcnəbilərlə birgə, yerlilərdən Vadim Skrebtsov, Rəsul Şərifli, İslam Slemanov, Sabir Nəzərəliyev, Saleh Vəliyev, Eldar Fərəcov, Kamran Məmmədov və Rafiq Həsənov da yarışdan kənar qalıblar. İslam Həmrəyliyi Oyunlarından yığmadan Elnur Cahangirovla moldovalı Maksim Butenko Hikmət Abdullayevin sərəncamındadı.

 

Onlara yeni legionerlər Mikola Malyareviç, Sergey Dubovik və Maksim Puskov da qoşulublar. Komandamızda yeni yerli həndbolçular isə Orxan Əliyev, Eltəkin Cavadov, Elşad Məmmədyarov, Cavid Abdullayev, Ruslan Dadaşov, Kənan Əsgərov, Nofəl Məmmədov və Ramazan Muradovdu.

 

Heyətlə bağlı yeniliyə aydınlıq gətirən Azərbaycan Həndbol Federasiyasının baş katibi Yusif Atakişiyev bildirib ki, İslamiadada milliləşdirdikləri heç bir oyunçudan imtina etməyiblər: “Onların hamısı komandamızdadı. Sadəcə, əsas yığmalara məzuniyyət vermişik. İslamiadada çıxış edən oyunçular hamısı bizim uğurlar üçün çalışacaqlar. Onların heç biri ilə yolları ayırmamışıq”.

 

Atakişiyev yeni mövsümdən Azərbaycan çempionatının güclənəcəyini də sözlərinə əlavə edib. Onun sözlərinə görə, klubların sayını artırmağı hədəfləyiblər.

 

Qeyd edək ki, yığmamız bu gün ev sahibləri ilə oynayacaqlar. Bolqarlar da elə güclü komandaya malik deyillər. Onlar ilk turda Kiprə 22:25 hesabı ilə uduzmaqla “iddiaları”nı ortaya qoyublar.