11:44 16-04-2008
news_image
551
DİGƏR NÖVLƏR

Nokaut

İndi hamı komandamızın bir lisenziya belə qazana bilməməsindən danışır, “niyə belə alındı” sualı üzərində baş sındırır. Axı boksumuz uzun müddət liderlər sırasında yer alıb, ciddi nəticələrlə azarkeşləri sevindirib. Elə isə mövcud reqresin səbəbi nədir?
Son uğursuzluqlar heç də bir günün nəticəsi deyil. Geriləmə müxtəlif amillərlə bağlıdır. Azərbaycan boksunun zirvədən zirzəmiyə yuvarlanmasını Afina Olimpiadasından sonra cərəyan edən hadisələrdə axtarmaq lazımdır. Məhz bu yarışdan sonra milli komandada liderlik edənlər idmançı karyerasına nöqtə qoydular. Təcrübəsiz gənclərin ön plana çıxması isə ilk növbədə nəticələrdə əksini tapdı. Əli İsmayılov, Rövşən Hüseynov, Vüqar Ələkbərov, Ağası Məmmədov kimi təcrübəli döyüşçülərin yoxluğu axır-əvvəl təsirini göstərməli idi və göstərdi də. Dörd il əvvəl Afina rinqində 9 boksçumuz iştirak etmişdisə, Pekində yalnız iki nəfərlə təmsil olunacağıq. Gördüyünüz kimi, arada nəzərəçarpacaq dərəcədə fərq var.
Mən son uğursuzluqları milli komandada baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyə çalışanlarla həmrəy deyiləm. Azərbaycan boksunun yüksəliş illərinin Məmməd Eyvazovun adı ilə bağlı olduğunu qəbul edirəm. Bu, inkar olunmaz faktdır. Eyni zamanda, qiymət verərkən bu faktın arxasında gizlənən məqamları unutmamaq lazımdır. Eyvazovlu komandanın uğurları AİBA-nın sabiq prezidenti Ənvər Çoudrinin rəhbərliyi dönəminə təsadüf edir. Pakistanlı isə Boks Federasiyamızın başçısı Ağacan Abıyevin və ölkəmizin yaxın dostu kimi tanınırdı. Təsadüfi deyil ki, uzun müddət Bakıda Çoudrinin şərəfinə beynəlxalq turnir təşkil olunub və o, həmişə bu yarışın fəxri qonağı olub. Ölkə başçısının da qəbuluna düşən Çoudri layiqincə mükafatlandırılıb. İndi isə ölkəmizin dostu postunu itirib və təqaüdə çıxıb. Onunla yanaşı, Azərbaycan boksçularının uğurları da buxarlanıb. Çikaqoda keçirilən dünya çempionatından sonra istefaya göndərilən Eyvazovun “biz Abıyevin düşmənlərinə qarşı vuruşmalı olduq” deməsi də çox mətləbdən xəbər verir. Məmməd bəy bununla qazanılan uğurların haradan, daha doğrusu kimdən qaynaqlandığını ortaya qoydu. Özü də bunun fərqinə varmadan. Ona görə də, üç aydır təyinat alan Abdullayevi dar ağacına asmaqla iş bitmir. Bu utancverici vəziyyətdən ən asan çıxış yoludur.
Ağacan Abıyev özünü yalnız Çoudri məsələsində “yandırmadı”. Onun EABA-nın rusiyalı prezidenti Eduard Xusainova sadiq qalması da sonradan boksumuzun əleyhinə işlədi. AİBA-da rəhbərlik dəyişən kimi, Xusainov qısa zaman kəsiyində hər iki təşkilatda tutduğu postu itirdi. Onun gedişi isə tərəfdarlarının mövqeyini zəiflətdi. Bunun nəticəsi kimi də Azərbaycan boksçuları dünya çempionatı və iki beynəlxalq turnirdə cəmi iki lisenziya qazana bildi. Bir çoxları nəticənin rinqdə gerçəkləşdiyini, güclü olanın qalib gəldiyini deyə bilər. Amma unutmayaq ki, nəticə ilk növbədə hakimlərin rəyi əsasında formalaşır. Onları döyüşlərə isə AİBA təyin edir…
İstəsək də, istəməsək də, Azərbaycan boksunun dərin nokautda olduğunu etiraf etməliyik. Bunu şərtləndirən səbəblər də məlumdur. Nokaut vəziyyətindən çıxmaq üçün rəqiblərdən bir baş üstün olmaq vacib şərtdir. Komandamızın isə belə potensialı yoxdur. Yaxın gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid etmək də çətindir.
Ortaya qoyduğum məntiqlə razılaşmayanlara bir nümunəm də var. AİBA Pekin Olimpiadasına təyinat alan hakimlərin siyahısını açıqlayıb və… qurumun güvəndiyi referilər arasında bizimkilər yer almayıb. Əvvəl isə belə deyildi.