11:50 05-07-2017
news_image
3811
DÖYÜŞ NÖVLƏRİ

Nağı Səfərov: ...onu yarışa aparıb, biabır olmaq istəmir - MÜSAHİBƏ

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun apasport.az saytına müsahibəsi

 

- Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatı başa çatdı. Öncə mundialın təşkil olunduğu “Taekvondovon” haqda danışmağınızı istərdik. Çünki koreyalılar bununla bir ilkə imza atdılar.

- Bəli, taekvondo tarixində ilk dəfə bu idman növü üzrə nəzərdə tutulan məkanda yarış təşkil olundu. Bu, Koreya dövlətinin bir layihəsi idi. “Taekvondovon” adlanan yer Seuldan təxminən 300 km aralıda, dağların əhatəsində yerləşir. Hər şey çox gözəl idi.

 

- Mundialda 1 qızıl və 1 bürünc medal qazanan komandamızın çıxışını necə qiymətləndirirsiz?

- Dünya çempionatında kişilərdən ibarət yığmamız tam heyətlə mübarizə apardı. Qadınlardan ibarət millimiz isə həmişə yaralı yerimiz olub və bu səbəbdən də bütün çəkilərdə gücümüzü yoxlaya bilmədik. Yalnız dünya çempionatına hazır olanlarla - 3 idmançı ilə mübarizə apardıq. Baş məşqçinin də qərarı turnirdə özünü göstərə biləcək idmançılara şans vermək idi. Döyüşlərə gəlincə, İslam Həmrəyliyi Oyunları yenicə başa çatıb. Azərbaycan millisi də yarışda çox uğurla iştirak etmişdi. 25 gün sonra belə bir yarışa qatılmaq məsuliyyətdən xəbər verirdi. 20 gün öncə önəmli bir yarışda qalib olan idmançılarımızın da yorulduğunu nəzərə almalıyıq. Çünki qısa müddətdə 2 mötəbər turnirə qatılmaq elə də asan iş deyil. Bununla belə, hazırlığımız tam qaydasında getmişdi. Ümumi götürdükdə, ardıcıl 2 mundialda dünya çempionumuz oldu. Əgər 2 il öncəyə kimi 14 illik fasilə vardısa, 2015-ci ildəki yarışdan sonra bu dəfə də qızıl medala yiyələndik.

Bu il seçkilər yeni qaydalarla keçirildi. Artıq qitələr üzrə prezident seçilən şəxslər Dünya Taekvondo Federasiyasının birbaşa vitse-prezidentləri oldular. Bu vəzifəyə 2 nəfəri isə Dünya Taekvondo Federasiyasının prezidenti təyin edəcək. Ümidvaram ki, bu 2 nəfərdən biri Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov olacaq. Bu, şəxsi fikrimdi. Yaxın gələcəkdə bu xəbərə sevinəcəyimizi düşünürəm.

- Bəlkə aparıcı idmançılarımızın çıxışını ayrı-ayrılıqda qiymətləndirəsiz? Kimlər ümidləri doğrultdular, kimlərdən narazı qaldız?

- Əksər idmançılarımızın dünya çempionatında medal qazanmaq şansları vardı. Nəinki mükafat, hətta çempion olmaq gücündə idilər. Gəlin, taekvondoçularımızın məğlub olduqları idmançılara nəzər yetirək. Patimat Abakarovanın uduzduğu sloveniyalı idmançı sonradan dünya çempionu oldu. Yaxud Ayxan Tağızadənin, Radik İsayevin, Ramin Əzizovun məğlub olduğu idmançı yekunda fəxri kürsüdə yer aldı.

 

- Bəs ilk 2 döyüşdə qələbə qazanan, son dünya və Olimpiya çempionu Radik İsayevin yarımfinala gedən yolda büdrəməsini nə ilə izah edərdiz?

- Radik İsayev ağır çəkidə döyüşən idmançıdı. Bu çəkidə dayanq üzərinə çıxmaq həmişə əlavə güc, qüvvət tələb edir. Çünki 87 kq çəkini keçdinsə, ağırlığın fərqi yoxdu. Taekvondoda isə ən güclü ölkələr məhz islam ölkələridi. Zədə, Bakıda İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ağır döyüşlər və ardınca dünya çempionatına qatılmaq heç də asan deyil. Təbii ki, burda yorğunluq özünü büruzə verdi. Həm də Radikin qalib gəlmək şansı da vardı. Ani bir şanssızlıq, rəqibi dəyərləndirməmək onu medalsız qoydu.

 

- Dünya çempionu titulunu qazanan Milad Beiqi Harçeqani Azərbaycana gələn ən yaxşı legionerlərdən hesab edilir. Yəqin ki, qatıldığı yarışların əksəriyyətində himnimizi səsləndirən taekvondoçunun qızıl medal qazanması heç də sürpriz olmadı.

- Təbii ki. Mütəxəssislərin fikridi ki, 80 kq çəki dərəcəsində dünyanın ən güclüsü məhz Miladdı. Qeyd etdiyiniz kimi, qatıldığı yarışların əksəriyyətində bunu sübut edib. Hətta rəqiblərini böyük hesabla məğlub edir. Bu dünya çempionatı da istisna olmadı. Harçeqani Mujuya getməmişdən öncə də deyirdi ki, Rioda qazandığım bürünc medal təsadüfi mükafatdı. Mən “qızıl” qazanmalı idim. Olimpiadada işlədiyi idmançıların əksəriyyəti mundiala gəlmişdi. Buna baxmayaraq, Milad bütün rəqiblərinə çox böyük xal fərqi ilə qalib gəldi. Sanki idmançımız rəqib tanımırdı.

 

- Ondan fərqli, mundialın bürünc medalına yiyələnən Məhəmməd Məmmədovun uğurlarının qarşıda olduğunu söyləmək mümkündümü?

- Gənclər arasında dünya çempionu olan Məhəmməd Məmmədov ikinci ildi ki böyüklərin yarışında mübarizə aparır. O, ümidləri doğrultdu. Təbii ki, onun da medalının əyarı qızıl ola bilərdi. Amma təcrübəsi çatmadı. Məhəmmədin gələcəkdə daha böyük uğurlara imza atacağına hər birimiz inanırıq.

 

- Kişilərdən ibarət millimizin “sükanı” Reza Mehmandosta həvalə ediləndən uğurlarımız davam edir. Yəni onun yığmada işi görünür. Bəs bir müddət öncə qadınlardan ibarət komandaya baş məşqçi təyin etdiyiniz Elnur Amanovun işini necə qiymətdirərdiz?

- Bəli, kişilərdən ibarət komandamızın baş məşqçisi dünya səviyyəsində öz sözünü demiş bir mütəxəssisdi. Biz də istəyirik ki, azərbaycanlı məşqçilər də onun təcrübəsindən yararlansınlar. Elnur Amanovun isə artıq püxtələnmiş bir məşqçi olduğunu deməliyəm. Hətta idmançı ilə döyüşə çıxanda, onun arxasında duranda da hiss olunur ki, taekvondoçuya lazımı məsləhətləri verir və düzgün yönləndirir. Mehmandostun özü final və digər vacib döyüşlərdə belə Amanova inanır. Özü olmayanda Elnura şans verir və ona inanır. Düşünürəm ki, yaxın gələcəkdə o özünü güclü mütəxəssis kimi bir daha sübut edəcək.

 

- Bəs onun komandasının da uğur qazanması üçün hansı addımlar atmağı planlaşdırırsız?

- Reza Mehmandostun belə bir prinsipi var ki, əgər idmançı hazır olmursa, onu yarışa aparıb, biabır olmaq istəmir. Təcrübədə də bu özünü sübut edib. Yəni say əhəmiyyətli deyil. Kəmiyyətdənsə, keyfiyyətin əhəmiyyəti var. Hazırda gənc qızlar arasında seçim gedir və onlardan güclülərini əsas komandaya cəlb edəcəyik.

 

- Siz yenidən Avropa Taekvondo Birliyinin İcraiyyə Komitəsinə üzv seçildiz. Mujuda isə bu qurumla yanaşı, Dünya Taekvondo Federasiyası da yenidən formalaşdı. Bununla bağlı fikirləriniz maraqlıdı.

- Dünya Taekvondo Federasiyasının və Avropa Taekvondo Birliyinin seçkiləri oldu. Bu il seçkilər yeni qaydalarla keçirildi. Artıq qitələr üzrə prezident seçilən şəxslər Dünya Taekvondo Federasiyasının birbaşa vitse-prezidentləri oldular. Bu vəzifəyə 2 nəfəri isə Dünya Taekvondo Federasiyasının prezidenti təyin edəcək. Ümidvaram ki, bu 2 nəfərdən biri Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov olacaq. Bu, şəxsi fikrimdi. Yaxın gələcəkdə bu xəbərə sevinəcəyimizi düşünürəm.

 

- Həmin qərarın veriləcəyi gün bilinirmi?

- Bu, Dünya Taekvondo Federasiyasının prezidentin səlahiyyətinə aid olan məsələdi.