17:45 18-04-2008
news_image
370
STOLÜSTÜ OYUNLAR

Qran-Pri turnirinin daha iki iştirakçısı bu gün Bakıya gələcək

Bakı. Kənan Həsənov – APA-Sport. Aprelin 21-də start götürəcək şahmat üzrə Qran-Pri turnirinin daha iki iştirakçısı bu gün Bakıya gələcək. Bu haqda “APA-Sport” agentliyinə Şahmat Federasiyasının mətbuat katibi Tural Baxışov məlumat verib. Onun sözlərinə görə, Aleksandr Qrişukla (Rusiya) Vanq Yu (Çin) axşam saatlarında paytaxtımıza təşrif buyuracaqlar. Digər yarış iştirakçıları – Pyotr Svidler (Rusiya), Maqnus Karlsen (Norveç), Sergey Karyakin (Ukrayna), Maykl Adams (İngiltərə), İvan Çeparinov (Bolqarıstan), Etyen Bakro (Fransa) və David Navara (Çexiya) sabah ölkəmizdə olacaqlar.
Qeyd edək ki, ABŞ-ın ən güclü şahmatçısı Qata Kamski və şəxsi məşqçisi ukraynalı Ruslan Ponomaryov, həmçinin rusiyalı Ernesto İnarkiyev üç gündür turnirə Bakıda hazırlaşırlar. Mayın 6-dək davam edəcək Qran-Pri turnirində Azərbaycan şahmatçıları Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov da mübarizə aparacaqlar.