12:55 21-04-2008
news_image
456
STOLÜSTÜ OYUNLAR

Azərbaycanın dörd şahmatçısı Avropa çempionatına qatılmaqdan imtina edib

Bakı. Kənan Həsənov-APA-Sport. Bu gün Bolqarıstanın Plovdiv şəhərində şahmat üzrə şəxsi Avropa çempionatı start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 9-cu dəfə təşkil olunacaq bu nüfuzlu yarışda 14 Azərbaycan şahmatçısı mübarizə aparacaq. Öncədən iştiraklarını təsdiq edən Namiq Quliyev, Nicat Abbasov, Loğman Quliyev və Afaq Xudaverdiyeva turnirə qatılmayıblar. Digər təmsilçilərimiz isə bu gün ilk oyunlarını keçirəcəklər. Kişilərin birinciliyində Rauf Məmmədov Ruy Damaso (Portuqaliya), Rəsul İbrahimov Arne Haqesaezer (Norveç), Nicat Məmmədov Vanko Stalenkov (Makedoniya), Fərhad Tahirov Albert Muratet Kasadeval (İspaniya), Qədir Hüseynov Qriqor Qriqorov (Bolqarıstan), Eltac Səfərli Aleksandru Barbu Nitelea (Rumıniya), Cahangir Ağarəhimov Pavel Maletinlə (Rusiya) qarşılaşacaq. 336 iştirakçının yarışında birinci yeri tutan şahmatçı 15000 avro qazanacaq.
Qadınlar arasında da ölkəmizi 7 şahmatçı təmsil edəcək. Birinci tur çərçivəsində Zeynəb Məmmədyarova Marsel Yefromiski (İsrail), Nərmin Kazımova Yekaterina Akatova (Rusiya), Xəyalə İsgəndərova Adela Kristina Foyser (Rumıniya), İlahə Qədimova Qrazina Bakalars (Lüksemburq), Gülnar Məmmədova Tatyana Molçanova (İsveçrə), Nərgiz Umudova Yeva Mozer (Avstriya), Türkan Məmmədyarova isə Natalya Jukova (Ukrayna) ilə oynayacaq. 159 xanım şahmatçı arasında birinci olan 6000 avro mükafat əldə edəcək.
İsveçrə sistemi ilə keçirilən və 11 turu əhatə edən Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.