19:31 05-08-2017
news_image
6455
TOP OYUNLARI

“Bu, cavabı tapılan suallardan deyil” – Ayşən Əbdüləzimova

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsindən azarkeşlərin suallarını cavablandırıb. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

 

- Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb və voleybolu ona sevdirən nə olub?

- Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolu özü olub (gülür). Bu idman növünü həmişə sevirdim və şadam ki, bu yolu seçdim.

 

- Avropa klublarında görərik, inşallah...

- İnşallah. Mən bu barədə hələ heç nə deyə bilmərəm. Daha doğrusu, bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdır.

 

- Ən sevimli azarkeşlərin kimlərdi?

- Sözsüz ki, valideynlərim.

 

- Ən sevdiyin oyunçu kimdir?

- Vaxtı ilə İtaliya millisinin şərəfini qorumuş Simona Gioli.

 

- Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?

- Düzünü desəm, yadımda deyil. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi, oralara mütləq gedəcəm.

 

- Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?

- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm, gələcəyi isə zaman göstərəcək.

 

- Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?

- 2014-cü ildə keçirilən dünya çempionatının ilk oyununu qeyd edərdim. Dünya reytinqinin üçüncüsü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qələbə qazana bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.

 

- Karyeranızı nə vaxt bitirəcəksiniz?

- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəm. Ancaq ona qədər hələ var.

 

- 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?

- Həvəskar səviyyədə, əlbəttə ki.