19:32 07-08-2017
news_image
4484
TOP OYUNLARI

İnna Rıskal və onu Azərbaycana qazandıran - LAYİHƏ

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin növbəti yazısında ötən əsrin 50-70-ci illərindəki çıxışımıza yer ayıracaq.

 

Əldən gedən mövqe

Bütün sahələrdə olduğu kimi II dünya müharibəsi ərəfəsində voleybol yarışlarına da fasilə verildi. Bu fasilənin Azərbaycan voleyboluna mənfi təsiri daha böyük oldu. Müharibəyə qədər tərkibində yer aldığı SSRİ-nin liderləri sırasında olan respublikamız ön sıralardakı mövqeyini qaytara bilmədi. 1946-cı ildə qadınlardan ibarət “Neftçi”nin 10-cu yer tutması buna sübutdu. Halbuki komandalarımız müharibəyə qədər dəfələrlə mükafatçılar sırasına düşmüşdü. Növbəti il komandamız artıq bir pillə irəliləyərək, 9-cu yeri tutub.

 

Voleybol səhifəmizdə yeni ad

1948-ci ildə Bakı ölkə çempionatında yeni komanda – “Dinamo” ilə təmsil olundu. Debütdə 12-ci pillədə qərarlaşan klub növbəti mövsümdə adını dəyişərək, çıxışını “Məhsul” kimi davam etdirib. Bu adla 19-cu olan komanda sonra elitadan itib.

 

1950-ci ildə yenidən səhnəyə “Neftçi” qayıdıb. Amma həmin zaman da Azərbaycan üçün uğurlu alınmayıb. Təmsilçimiz SSRİ çempionatında inamsız çıxış edərək, 19-cu pilləni tutub. Bu,  komandamızın aşağı dəstəyə yuvarlanması ilə nəticələnib.

 

Kişi voleybolçular yenidən elitada

1953-cü ildə hər şey dəyişsə də, sevincimiz uzun sürməyib. Qadınlardan ibarət “Neftçi” ilə yanaşı, müharibədən öncə “yoxa çıxan” kişi komandamız elitaya dönüb. Lakin hər 2 təmsilçimiz yenidən məğlubiyyətlə üzləşib. Qadın komandamız 19-cu, kişi voleybolçularımız 13-cü olduğundan növbəti dəfə aşağı diviziona göndərilib.

 

3 ildən sonra SSRİ xalqlarının I Spartakiadasında mübarizə aparan yığmamız da uğur qazana bilməyib. Qadınlar 11-ci, kişilər 8-ci yerdə qərarlaşıb. Qadın voleybolumuzun nəticəsi ürəkaçan olmasa da, yüksəlişin təməli hesab edilib. 1957-ci ildə yenidən elita iştirakçıları arasında olan komandamız 1979-cu ilə qədər – 18 mövsüm SSRİ-nin ən güclüləri arasında mübarizə aparıb.

 

İnna Rıskalın parladığı il

1961-ci il Azərbaycan voleybolda daha bir ilklə əlamətdar olub. SSRİ çempionatında eyni zamanda 2 komandamız mübarizə aparıb. 12 ildən sonra güclülər arasında olan “Məhsul” və elitanın daimi sakininə çevrilən “Neftçi” medallar uğrunda yarışıb. Onlar ilkin mərhələdə fərqli qruplarda çıxış etdiklərindən ilk Azərbaycan derbisi gerçəkləşməyib. Final mərhələsində də onlar fərqli vəzifələr – “Neftçi” medallar, “Məhsul” yüksək dəstədə qalmaq üçün oynayıblar. Sonda komandalar müvafiq olaraq, 7-ci və 14-cü yeri tutublar. Lakin həmin il əfsanəvi voleybolçumuz İnna Rıskalın parlaması ilə diqqət çəkib. Autsayderlərdən biri, 16 komanda arasında 14-cü yeri tutan “Məhsul”un şərəfini qorumasına baxmayaraq, gənc voleybolçu SSRİ-nin 24 ən yaxşı oyunçusu sırasına daxil olub. Məhz bu da onun karyerasına böyük təkan verib. Növbəti il “Neftçi”yə keçən Rıskal daha 14 dəfə ən yaxşı “24-lük”də yer alıb.

 

“Neftçi” ilə davam edən uğur

Rıskalın keçidi “Məhsul”un sonu, “Neftçi”nin daha da güclənməsi ilə nəticələnib. O, şəxsi uğurlarla yanaşı, komandasını medallara daşımaqda da yardımçı olub. Məhz İnnanın gözəl oyunu və SSRİ yığmasındakı təcrübəsi sayəsində “ağ-qaralar” 1966-cı və 1972-ci illərdə “Neftçi” SSRİ çempionatında bürünc medala seviniblər. Maraqlıdı ki, Rıskalın məşhurlaşmağı komanda yoldaşlarının da SSRİ millisinə dəvət edilməsinə yol açdı. Bunlar sırasında onunla birgə Olimpiya çempionu olan Vera Lantratovanın adını çəkmək kifayətdi.

Ümumi heyətə gəldikdə, əfsanəvi məşqçi Şamil Şamxalov bu 2 oyunçu ilə yanaşı, Y. Baxmat, V. Duboqrayeva, A. Kalnaya, E. Mixaylova, N.Musina, R. Sitnikova, E.Tolkaçyeva, R. Çuliyevaya güvənib.

 

Şamxalov fenomeni ilə gələn zəfərlər

Ümumiyyətlə, həmin illər qadın voleybolunun bütün uğurlarını Şamxalovun adı ilə bağlamaq olar. Çünki “Məhsul”da çalışdığı vaxt Rıskal kimi voleybolçunu yetişdirən mütəxəssis uğurlarını “Neftçi”də də davam etdirib. O, tək qadın voleybolunda deyil, kişi voleybolunda da Azərbaycana kifayət qədər istedadlar bəxş edib. Yeniyetmə və gənclərdən ibarət komandada çıxış edən yetirmələri də müxtəlif ümumittifaq və beynəlxalq yarışlardakı uğurlarına görə məhz Şamxalova borcludu.

 

1966-cı ildə qazanılan bürünc Spartakiadada daha yüksək əyarlı medalla əvəzlənib. 1967-ci ildə təşkil edilən yarışda voleybolçularımız yalnız Moskva yığmasından geri qalıb. Əsas rəqibinə 1:3 hesabı ilə uduzan Şamxalovun komandası Spartakiadada gümüşü bu heyətlə qazanıb: Y. Baxmat, O. İsmayılova, Vera Lantratova, İ. Markarova, E. Mixaylova, N. Musina, İnna Rıskal, R. Sitnikova, E. Tolkaçyeva, İ. Trofimova, R. Çuliyeva.

 

Spartakiadada ilk qələbə

Spartakiada tariximizin “siftə”si isə kişi voleybolçuların adı ilə bağlıdı. Əgər 1959-cu ildə qadınlardan ibarət millimiz medalın 1 addımlığında – 4-cü yerdə qalmışdısa, kişilərdən ibarət komandamız ilk uğurumuzun memarına çevrilib. İosif Kiblitskinin başçılıq etdiyi komanda bürünc medala yiyələnib. Heyətdə Yaşar Abbasov, Oqtay Ağayev, Həsən Ələkbərov, Vadim Busalayev, Arif Zərbəliyev, Xəyyam Zülfüqarov, Anatoli Makaqonov, Fazil Rzayev, Telman Səfərov, Ramiz Hismətov və Roman Eydelman yer alıblar. Onlar Spartakiadada medal qazanmaqla, növbəti qələbələrimizin təməlini də qoyublar.

 

1960-cı ildə Azərbaycan təmsilçisi güclülər dəstəsində çıxış etməyə başlayıb. Bu komanda əvvəl SKİF, sonra “Məhsul”, ardınca Azərbaycan Dövlət Neft-Kimya İnstitutu adı ilə mübarizə aparıb. 1971-ci ilə qədər – 9 mövsüm SSRİ çempionatında olan klubumuzun ən yaxşı nəticəsi 1968-ci ildə qeydə alınıb. Həmin vaxt komandamız 4-cü olub. “Tələbələr” növbəti ili isə 6-cı yerdə bitirib. 1971-ci ildə son dəfə elitada yer alan kişi voleybolçularımız bir daha buraya qayıtmayıblar.

 

“Neftçi”nin ikinci bürüncü

70-ci illər Azərbaycan voleybolu üçün daha bir mükafatla tarixə düşüb. 1972-ci ildə də qadınlardan ibarət “Neftçi” adından söz etdirib. Ölkəmizin tanınmış məşqçilərindən olan Feliks Məmmədovun yetirmələri SSRİ çempionatında Azərbaycanı layiqincə təmsil edib. Onlar yalnız Moskva klubları “Dinamo” və MOİK-dən geri qalaraq, növbəti bürünclərinə qovuşublar. Bu dəfə də heyətdə Rıskal, Lantratova, Baxmat, Kalnaya, Musina, Sitnikova, Mixaylova yer alsa da, yeni simalar da mükafat sevinci yaşayıb. Bunlar Q. Akçurina, N. Borisova, V. Denisova, İ. Salehova, N. Ustinova, V. Çadayevadı.

 

1972-ci ildə qazanılan bürünc medaldan sonra da komandamız bir müddət aparıcılar sırasında olub. Lakin ardıcıl 3 il - 1973-75-ci illərdə 5-7-ci yerlərdə qərarlaşan təmsilçimiz medal qazanmaq şansını itirib. Artıq lider voleybolçularımızın yaşının sözünü deməsi, onların layiqli əvəzləyicilərinin olmaması “ağ-qaralar”ı ildən-ilə daha aşağı pillələrə salıb. 1979-cu ildə isə voleybolçularımız aşağı dəstəyə yuvarlanıblar. Kişilərin də 8 il öncə eyni aqibəti yaşadığını nəzərə alsaq, Azərbaycan yeni nəslin yetişməsinə kimi böyük voleyboldan kənar qalıb.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir