16:01 24-08-2017
news_image

Radik İsayev və Səid Quliyev Universiadada bürünc medal qazandı

Taypeydə təşkil olunan tələbələrin 29-cu Dünya Yay Universiadasının 5-ci günündə daha 2 taekvondoçumuz mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, dayanq üzərinə çıxan hər 2 idmançımız yarışı bürünc medalla başa vurub.

 

Belə ki, +87 kq çəki dərəcəsində mübarizə aparan Radik İsayevin ilk döyüşü 1/8 finala təsadüf edib. İranlı Farşad Gias Şandi ilə üz-üzə gələn Olimpiya çempionumuz gərgin keçən döyüşü aktivinə yazıb – 12:11. Taekvondoçumuz ardınca Sabit Buqrahan Karakası (Türkiyə) yarışdan kənarlaşdırıb. O, bu dəfə 25:6 hesabı ilə qələbə qazanıb. Lakin İsayev yarımfinal səddini keçə bilməyib. Rusiyalı Rəfail Ayukayevə 8:36 hesabı ilə uduzan idmançımız 3-cü yerlə kifayətlənib.

 

Digər taekvondoçumuz Səid Quliyev (74 kq) İsayevdən fərqli, 1/16 finaldan mübarizəyə başlayıb. O, Munoz Qarridonu (Çilili) 29:11 hesabı ilə məğlub etdikdən sonra Hektor Alvarezlə (Meksika) döyüşüb. Çətin keçən qarşılaşmada idmançılar hərəyə 5 xal toplasalar da, hakimlərin qərarı ilə Quliyev mərhələ adlayıb. O, 1/4 finalda isə Julio Ferreyraya qalib gəlib - 8:6.

 

İdmançımız yarımfinalda uğurunu davam etdirə bilməyib. O, finala gedən yolda iranlı Ramin Hüseynquluzadəyə məğlub olaraq, bürünc medala yiyələnib.

 

Bununla da, Universiadada mükafat qazanan taekvondoçularımızın sayı 4-ə çatıb. İsayev və Quliyevdən öncə, Milad Beiqi Harşeqani (80 kq) qızıl, Ayxan Tağızadə (68 kq) gümüş medala sahib olub.