09:38 24-04-2008
news_image
332
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov Qran-Pri turnirində autsayderlər qrupunda qərarlaşıb

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində üçüncü turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 162000 avro mükafat fondu olan bu nüfuzlu yarışda çıxış edən təmsilçilərimizdən yalnız Vüqar Həşimov qələbə qazanmağı bacarıb. Qrossmeysterimiz rusiyalı Pyotr Svidleri məğlub edib. Milli komandamızın lideri Teymur Rəcəbov çinli Van Yue, Şəhriyar Məmmədyarov isə amerikalı Qata Kamski ilə heç-heçə oynayıb. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Sergey Karyakin (Ukrayna) Maykl Adamsa (İngiltərə), Maqnus Karlsen (Norveç) Ernesto İnarkiyevə (Rusiya), Aleksandr Qrişuk (Rusiya) David Navaraya (Çexiya), Etyen Bakro (Fransa) isə İvan Çeparinova (Bolqarıstan) qalib gəlib. Üç oyundan sonra turnir cədvəlinə 2,5 xalla A.Qrişuk başçılıq edir. Lideri hərəyə 2 xal toplayan T.Rəcəbov, V.Həşimov, Q.Kamski, M.Karlsen və S.Karyakin izləyir. Hesabında 1 xal olan və hələ də qələbə qazana bilməyən Ş.Məmmədyarov autsayderlər qrupunda qərarlaşıb.
Bu gün 4-cü tur çərçivəsində daha 7 oyun keçiriləcək: Q.Kamski – A.Qrişuk, E.Bakro – S.Karyakin, P.Svidler – T.Rəcəbov, Ş.Məmmədyarov – M.Karlsen, E.İnarkiyev – V.Həşimov, M.Adams – D.Navara, V.Yue – İ.Çeparinov.