14:14 29-08-2017
news_image
4583
DÖYÜŞ NÖVLƏRİ

DÇ-2017: Bu gün medal olmadı - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha üç üzvü mübarizəyə qoşulub. 

 

Lakin onların hamısı yarışla vaxtından əvvəl vidalaşıblar. 

 

Kişilər

 

66 kq

 

Yığmamızın üzvü Nicat Şıxəlizadə mundiala 1/32 finaldan başlayıb. Komandamızın bu çəkidəki lideri ilk cəhdindəcə qazaxıstanlı Eldos Jumaxanova (Qazaxıstan) uduzaraq, mübarizəni dayandırıb. 

 

 

Qadınlar

 

52 kq

 

Bu çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. Mundiala 1/32 finaldan başlayan Buyanxişiq Purevsuren ilk görüşündə Natalya Kuzyutina (Rusiya) ilə güləşib. Təmsilçimiz təcrübəli rəqibi ilə dueldən məğlub ayrılıb. Kuzyutina ipponla mərhələ adlayıb.

 

Purevsuren kimi, Nəzakət Əzizovanın da Budapeştdə debütü 1/32 finala təsadüf edib. İkram Sukate (Mərakeş) ilə qarşılaşan həmyerlimiz çıxışını qələbə ilə başa vurub. O, rəqibini ipponla keçib. 1/16 finalda isə kosovolı Distria Krasniqi ilə mübarizə aparan həmyerlimiz özü vaxtından əvvəl məğlubiyyətə üzülüb.  

 

Beləliklə, yarışın ikinci günü millimiz üçün mükafatsız başa çatıb. 

 

Qeyd edək ki, Azərbaycan yığması dünya çempionatının ilk gününü gümüş medalla başa vurub. Komandamızın heyətində Orxan Səfərov (60 kq) ikinci yeri tutub.