19:55 30-08-2017
news_image
8935
DÖYÜŞ NÖVLƏRİ

DÇ-2017: Rüstəm Orucov “qızıl”ı “qızıl xal”la əldən verdi - YENİLƏNİB

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın dördüncü günü Azərbaycan millisinin daha 4 üzvü gücünü yoxlayıb.

 

Kişilər

73 kq

 

Bu çəki dərəcəsində yığmamız 2 cüdoçu ilə təmsil olunur. Yığmamızın liderlərindən Rüstəm Orucov yarışa 1/32 finaldan başlayıb. Olimpiya mükafatçımız bu mərhələdə Akil Qyakova (Kosova) ilə üz-üzə gəlib. Orucov rəqibini ipponla məğlub edib. O, ikinci görüşündə Pyer Dupratla güləşib və yenə qələbə qazanan tərəf olub. Rüstəm üçüncü görüşünü Behruzi Xocazodaya (Tacikistan) qarşı keçirib. Təmsilçimiz əlavə vaxtda rəqibini üstələyib. O, yarımfinala gedən yolda çinli Saiyinjiriqala ilə münasibətinə aydınlıq gətirib. Cüdoçumuz ipponla qalib gəlib. 

 

Orucov yarımfinalda koreyalı Çanqrim Anla qarşılaşıb. Bu döyüş həmyerlimiz üçün çox asan alınıb. Olimpiya mükafatçımız rəqibini cəmi 31 saniyəyə məğlub edib. Rüstəm finalda komanda yoldaşı Hidayət Heydərova qalib gələn Soiçi Haşimoto (Yaponiya) ilə üz-üzə gəlib. Yapon idmançı bu dəfə də təmsilçimizdən güclü olduğunu göstərib. Orucov "qızıl xal"la uduzaraq gümüş medalla kifayətlənməli olub.

 

Hidayət Heydərovun da Budapeştdə debütü 1/32 finala təsadüf edib. Ahmed əl-Meziati (Mərakeş) ilə qarşılaşan həmyerlimiz çətinlik çəkməyib. Hidayət rəqibinə ipponla qalib gələrək, növbəti mərhələyə adlayıb. İkinci görüşündə rumıniyalı Aleksandru Rayku ilə güləşən Heydərov bu dəfə də vaxtından əvvəl qələbə qazanıb. O, 1/8 finalda kubalı Maqdiel Estrada ilə qüvvəsini sınayıb və yenə tatamidən qalib ayrılıb. Həmyerlimizin 1/4 finalda rəqibi Denis Yartsev (Rusiya) olub. 20 yaşlı Avropa çempionumuz bu dueli də aktivinə qayıb. O, təcrübəli rəqibinə ipponla qalib gəlib. 

 

Heydərov yarımfinalda Soiçi Haşimoto (Yaponiya) ilə qarşılaşıb. Təəssüf ki,  o, uğurunu davam etdirə biməyib və ipponla uduzub. Təmsilçimiz bürünc medal uğrunda Odbayar Qanbaatarla mübarizə aparıb. Gərgin keçən görüşdə "qızıl xal"la rəqibinə məğlub olan gənc idmançımız yarışı medalsız başa vurmalı olub.

 

Qadınlar

57 kq

 

Bu çəki dərəcəsində də iki idmançımız mübarizəyə qoşulub. Lakin onların hər ikisi ilk cəhdəcə uduzub. Səkinə Zayirova 1/32 finalda Viktoriya Mayorosovaya (Slovakiya), İçinxorlo Munxtsedev isə Xayone Ekuisoayna (İspaniya) məğlub olaraq, mundailla vidalaşıblar.

 

Qeyd edək ki, millimizin heyətində hələlik Orxan Səfərov (60 kq) gümüş medala yiyələnib.