18:19 25-04-2008
news_image
384
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Qran-Pri turnirində rusiyalı Ernesto İnarkiyevə qalib gələ bilməyib

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində beşinci turun oyunları keçirilir. “APA-Sport” agentliyinin məlumatına görə, artıq yeddi oyundan altısı başa çatıb. Azərbaycan milli komandasının üzvləri Şəhriyar Məmmədyarovla Vüqar Həşimovun duelində qalib müəyyənləşməyib. Tərəflər 26-cı gedişdə xal bölgüsünə razı olublar. Yığmamızın lideri Teymur Rəcəbov da qələbə qazana bilməyib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz rusiyalı Ernesto İnarkiyevlə heç-heçə edib. Hesabat turunda, həmçinin Maqnus Karlsen (Norveç) – Qata Kamski (ABŞ), David Navara (Çexiya) – Etyen Bakro (Fransa), Aleksandr Qrişuk (Rusiya) – Maykl Adams (İngiltərə) görüşlərində qalib müəyyənləşməyib. Ukraynalı Sergey Karyakin isə çinli Van Yueyə uduzub. Beş oyundan sonra A.Qrişuk və V.Yue 3,5 xalla turnir cədvəlinə başçılıq edir. T.Rəcəbov, V.Həşimov, Q.Kamski və M.Adams liderlərdən yarım xal geri qalırlar. Yeddinci pillədə qərarlaşan Ş.Məmmədyarovun hesabında 2,5 xal var.