18:45 15-09-2017
news_image
1678
TOP OYUNLARI

“Onu özümə rəqib saymıram” – millimizin kapitanı

“Uzun müddət zədə üzündən xeyli məşqi buraxmalı oldum. İndi formada olmasam da, 1 həftəyə tam hazır vəziyyətə gələcəyimi düşünürəm”. Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin voleybolçusu Odina Bayramovaya məxsusdu.

 

Yığmamızın kapitanı Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı barədə danışıb. O, öncə mövqeyində oynayan Yelizaveta Səmədova ilə bağlı fikirlərini açıqlayıb: “Yelizaveta Səmədovanın uğurlu çıxışı məni qıcıqlandırmır. Onu özümə rəqib saymıram. Kim yaxşıdısa, o da əsas heyətdə oynasın. Səmədova ona verilən tapşırıqları layiqincə yerinə yetirir. Bir voleybolçu kimi Yelizavetaya böyük hörmətim var. Biz həm də yaxın rəfiqəyik. Voleybolda hər şey ola bilər. Oyunun gedişində vəziyyətə uyğun olaraq bir-birimizi əvəzləyə bilərik. Komandamızda həmişə topun qəbuluyla bağlı problem olurdu. Çünki hər zaman yük mənim və Valeriya Məmmədovanın üzərinə düşürdü. İndi Səmədovanın parlaq çıxışı sayəsində belə problem aradan qalxıb. İndi üzərimizdə böyük təzyiq yoxdu. Hazırda servislər çox çətinləşib. Ancaq biləndə ki, ehtiyatda səni əvəzləyəcək birisi var, bu sənə dəstək verir və səni təzyiqdən xilas edir”.

 

Bayramova Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə Avro-2017-də yığmamızın favorit olduğunu deyib: “Oyunumuzun dinamik alınmaması heyətimizdə Natalya Məmmədova və Polina Rəhimova kimi ucaboy hücumçuların olmasından irəli gəlir. Onlar hündür toplara zərbə endirməyə üstünlük verir. Qələbə üçün dinamik oyun vacib şərt deyil. Bizim özümüzəməxsus oyun üslubumuz var. Əsas heyətdə kimlərin olacağını deyə bilmərəm. Ancaq Natalya, Polina və Valeriyanın 100 faiz ilk “6-lıq”da yer alacağı dəqiqdi. Favorit kimi yığmamızın adını çəkə bilərəm. Çünki başqa güclü komandaların ciddi problemləri var. Bir çoxunun zədəli oyunçuları mövcuddu. Serbiyanın əsas toppaylayıcısında dopinq aşkarlanıb. Amma bunlar bizi arxayınlaşdırmamalıdı. Biz öz oyunumuza baxacağıq”.