12:39 27-04-2008
news_image
502
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: «Qran-Pri turnirinin qalibi olacağıma söz verə bilmərəm»

- Teymur, Qran-Pri turnirində hamı səndən qələbələr gözləsə də, daha çox heç-heçələrlə yadda qalırsan. Bu, ehtiyatlı oynamağının nəticəsidir, yoxsa?..
- Deməzdim ki, ehtiyatlı oynayıram. Rusiyalı Ernesto İnarkiyevlə qarşılaşma gərgin keçdi və oyunun gedişində çətin vəziyyətə düşdüm. Bir piyada geridə idim. Buna görə də heç-heçəyə razılıq verməyim doğru qərardır.
- Maksimum xal toplamağa çalışırsan. Ancaq fakt budur ki, buna nail olmamısan...
- Mənə elə gəlir hər şey qaydasındadır və normal oynayıram. Görüşlərdə bütün gücümü ortaya qoymağa çalışıram. Bilirsiniz ki, 5 turdan 3 xal toplamışam və liderlərdən cəmi yarım xal geri qalıram.
- Bəzi oyunlara gecikməyini taktiki gediş kimi dəyərləndirmək olarmı?
- Xeyr. Sadəcə, hazırlaşmaq üçün vaxt kifayət etmir. Adətən, günorta saat 1-də yuxudan dururam. Bundan sonra yemək, şokolad yeyirəm. Ardından yarım saat ərzində oyuna hazırlaşıram. Qarşılaşacağım rəqibin oyun tərzinə nəzər yetirib, əks gedişlər fikirləşib, görüşə yollanıram.
- Öz aramızdır, nə çox dincəlirsən?
- Nə bilim? Bu suala cavab vermək çətindir.
- İnarkiyev sənin yenilik etdiyini bildirdi. Bunun hələ çox şahidi olacağıq?
- Şahmat sürətlə inkişaf edir və bununla ayaqlaşmaq lazımdır. Kompüterlə oyun zamanı çox çalışıram. Rəqiblər müxtəlif cür oynadıqlarından, həmişə yenilik etmək heç də asan məsələ deyil. Onların debüt seçimlərindən də çox şey asılıdır.
- İnarkiyev şahmatçılarımızın hamısından xal qopardı. Bu, onun sizlərin zəif tərəflərinizi bilməsindən irəli gəlmirmi?
- İnarkiyevin turnirin reytinqində 12-ci olması heç kimi arxayınlaşdırmasın. Rusiyalı şahmatçı ilə oynamaq çətindir. İnarkiyev Şəhriyarla görüşdə də sonadək mübarizə apardı və həmyerlimizin səhvindən istifadə etdi. İnarkiyev mənim üçün də arzuolunmaz rəqibdir.
- Yeri gəlmişkən, növbəti turda Şəhriyarla qarşılaşacaqsan. Nə fikirdəsən?
- Şəhriyarla oyuna hazırlığım fərqli olacaq. İstədiyim kimi hazırlaşsam, qalib gəlmək şansım var. Şəhriyarın mənimlə hansı taktika ilə oynayacağını da bilmirəm. Fikrimcə, heç-heçə yaxşı nəticə olar.
- Maraqlıdır, niyə məhz heç-heçə? Axı, idmanda sağlam rəqabət olmalıdır...
- Mən də həmişə bunun tərəfdarı olmuşam. Ancaq məsələ burasındadır ki, mən qara fiqurlarla oynayacağam.
- Amma adətən ağ fiqurlarla oynayanda daha çox çətinliklə üzləşirsən. Bu, nə ilə bağlıdır?
- Bəli, ağ fiqurlarla oynamaq daha çətindir. Ona görə ki, qara fiqurlarla oynayan rəqiblər adətən gərgin vəziyyətdə mübarizə aparırlar. Bu da sonda görüşün heç-heçə ilə nəticələnməsinə gətirib çıxarır.
- Turnirdə bir günlük istirahət verilib. Bunu necə dəyərləndirəcəksən?
- Tennis, bilyard oynamağı düşünürəm. Bundan sonra əhvalımın necə olacağına baxarıq. Məşqçimdən də məsləhət alacağam.
- Azərbaycan şahmatının liderlərindən biri kimi Qran-Pri turnirinin qalibi olacağına söz verirsən?
- Şahmatda proqnoz vermək müşkül məsələdir. Qalib olacağıma söz verə bilmərəm. Necə çıxış edəcəyim sonda bəlli olacaq. Bu yarış dünyanın ən güclü turnirlərindən biridir. Təsadüfi deyil ki, Bakıya səviyyəli şahmatçılar toplaşıb və hər tur gərgin keçir.
- Yarışın qaydasına əsasən, rəqiblər hakim müdaxiləsi olmadan heç-heçəyə razılaşa bilməzlər. Buna münasibətin necədir?
- Bu çox yaxşı qaydadır. Fikrimcə, şahmatda heç-heçələrin qeydə alınması heç də yaxşı hal deyil. Qələbələr yarışın bəzəyidir və daha çox maraq oyadır.
- Amma sən heç-heçələri sıralayırsan...
- Bunu normal qarşılamaq lazımdır. Mən vəziyyətə uyğun addım atıram. Məğlub olmaqdansa, heç-heçə oynamaq daha yaxşıdır. Bir məqamı da qeyd edim ki, mən həmişə qələbə üçün mübarizə aparıram.
- Komandamızın digər üzvlərinin çıxışını necə qiymətləndirirsən?
- Vüqar Həşimov da mənim kimi 3 xal toplayıb. Şəhriyar isə bizdən cəmi yarım xal geri qalır. Şahmatçılarımızın hamısına uğurlar arzulayıram.