09:46 28-04-2008
news_image
390
STOLÜSTÜ OYUNLAR

Bakıda təşkil olunan Qran-Pri turnirində Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla heç-heçə oynayıb

Bakı. Kənan Həsənov – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində VI turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 162000 avro mükafat fondu olan bu nüfuzlu yarışda çıxış edən təmsilçilərimiz qələbə qazana bilməyib. Turnirin mərkəzi görüşündə Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov xal bölgüsünə razılaşıblar. Vüqar Həşimovla reytinq favorit Maqnus Karlsenin (Norveç) duelində də qalib müəyyənləşməyib. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Qata Kamski (ABŞ) Maykl Adamsa (İngiltərə), Pyotr Svidler (Rusiya) Sergey Karyakinə (Ukrayna), İvan Çeparinov (Bolqarıstan) Ernesto İnarkiyevə (Rusiya) qalib gəlib. Etyen Bakro (Fransa) – Aleksandr Qrişuk (Rusiya), David Navara (Çexiya) - Van Yue (Çin) görüşlərində heç-heçə qeydə alınıb. Altı oyundan sonra turnir cədvəlinə hərəyə 4 xal toplayan A.Qrişuk, Q.Kamski və V.Yue başçılıq edir. Lideri 3,5 xalla T.Rəcəbov və V.Həşimov izləyir. Ş.Məmmədyarov 3 xalla 6-cı pillədə qərarlaşıb.
Bu gün VII tur çərçivəsində daha 7 oyun keçiriləcək: A.Qrişuk – V.Yue, V.Həşimov – Q.Kamski, T.Rəcəbov – M.Karlsen, İ.Çeparinov – Ş.Məmmədyarov, M.Adams – E.Bakro, S.Karyakin - E.İnarkiyev.