09:28 30-04-2008
news_image
434
STOLÜSTÜ OYUNLAR

Vüqar Həşimov Qran-Pri turnirində liderlər sırasındakı mövqeyini qoruyub

Bakı. Kənan Həsənov - APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə Qran-Pri turnirində VIII turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 162000 avro mükafat fondu olan bu nüfuzlu yarışda çıxış edən təmsilçilərimizdən yalnız Şəhriyar Məmmədyarov qələbə qazanıb. Beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla Sergey Karyakini (Ukrayna) məğlub edib. Teymur Rəcəbovla Vüqar Həşimov duelində isə qalib müəyyənləşməyib. Hesabat turu çərçivəsində keçirilən digər görüşlərdə Ernesto İnarkiyev (Rusiya) David Navaradan (Çexiya) üstün olub. Van Yue (Çin) - Maykl Adams (İngiltərə), Qata Kamski (ABŞ) - Etyen Bakro (Fransa), Pyotr Svidler (Rusiya) - Aleksandr Qrişuk (Rusiya), Maqnus Karlsen (Norveç) - İvan Çeparinov (Bolqarıstan) oyunlarında heç-heçə qeydə alınıb.
Səkkiz görüşdən sonra turnir cədvəlinə hərəyə 5 xal toplayan V.Həşimov, A.Qrişuk və V.Yue başçılıq edir. Liderləri 4,5 xalla Q.Kamski və M.Karlsen izləyir. T.Rəcəbovla Ş.Məmmədyarovun hesabında 4 xal var.