10:12 30-04-2008
news_image
406
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları Avropa çempionatında mükafat qazanmaq şansını saxlayırlar

Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında VIII turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində ardıcıl ikinci oyunda uduzan Rauf Məmmədov liderlər qrupunda yer alan şahmatçılardan 1,5 xal geri düşüb. Hesabında 5 xal olan qrossmeysterimiz növbəti görüşünü rusiyalı Sergey Qriqoryantsa qarşı keçirəcək. Eyni göstəriciyə malik Qədir Hüseynov digər rusiyalı Pavel Maletinlə oynayacaq. Fəxri kürsüdə yer almaq şansını itirən Nicat Məmmədov 4,5, Eltac Səfərli 4, Fərhad Tahirov 2,5 xal toplayıb.
Qadınların yarışında ən çox güvəndiyimiz təmsilçilərimiz də sona üç tur qalmış liderlər qrupunda qərarlaşan şahmatçılardan 1,5 xal geri qalırlar. IX tur çərçivəsində İlahə Qədimova (5 xal) rusiyalı Tatyana Stepanova, Zeynəb Məmmədyarova (5 xal) Maya Lomineişvili (Gürcüstan) ilə oynayacaq. Mükafatçılar sırasında yer almaq şansını itirən Türkan Məmmədyarova 4,5, Xəyalə İsgəndərova 4, Nərmin Kazımova 3,5, Nərgiz Umudova ilə Gülnar Məmmədova 2,5 xal qazanıblar.
11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.