10:22 01-05-2008
news_image
513
STOLÜSTÜ OYUNLAR

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mükafat qazanmaq şanslarını itiriblər

Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında IX turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, kişilərin birinciliyində son görüşlərini qələbə ilə başa vuran Rauf Məmmədovla Qədir Hüseynov (hər ikisi 6 xal) mükafatçılar sırasında yer almaq şanslarını saxlayıblar. Həmyerlilərimiz sona iki tur qalmış liderlər qrupunda yer alan şahmatçılardan cəmi 1 xal geri qalırlar. Bu gün keçiriləcək X tur çərçivəsində R.Məmmədov bolqarıstanlı Valentin Yotov, Q.Hüseynov isə rumıniyalı Levente Vayda ilə qarşılaşacaq. Ciddi iddiası qalmayan Nicat Məmmədov 5,5, Eltac Səfərli 5, Fərhad Tahirov 3,5 xal toplayıb.
Qadın şahmatçılarımız isə mükafat qazanmaq şanslarını itiriblər. Buna səbəb, milli komandamızın liderləri İlahə Qədimova (5 xal) ilə Zeynəb Məmmədyarovanın (5 xal) son görüşdə məğlub olmasıdır. Digər təmsilçilərimizdən Türkan Məmmədyarova 4,5, Xəyalə İsgəndərova ilə, Nərmin Kazımova 4, Nərgiz Umudova və Gülnar Məmmədova 3,5 xal toplayıblar. 11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.
Qeyd edək ki, kişilərin yarışında ilk 22, qadınlar arasında isə ilk 13 pilləni tutacaq şahmatçılar dünya kubokunda çıxış etmək hüququ əldə edəcək.