09:56 02-05-2008
news_image
426
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanmaq şansını saxlayır

Bakı. Kənan Həsənov-APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatında X turun oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan 12 Azərbaycan şahmatçısından yalnız Rauf Məmmədov mükafatçılar sırasında yer almaq şansını saxlayır. Milli komandamızın üzvü son görüşdə bolqarıstanlı Valentin Yotovu məğlub edib. Hesabında 7 xal olan və liderlər qrupunda yer alan qrossmeysterlərdən cəmi yarım xal geri qalan R.Məmmədov bu gün sonuncu tur çərçivəsində Vladimir Akopyanla (Ermənistan) qarşılaşacaq. X turda rumıniyalı Levente Vaydaya uduzan Qədir Hüseynov (6 xal) isə mükafat qazanmaq şansını itirib. Ciddi iddiası qalmayan Nicat Məmmədovla Eltac Səfərli 5,5, Fərhad Tahirov 4,5 xal toplayıb. Ötən tur fəxri kürsüyə yüksəlmək şanslarını itirən qadın şahmatçılarımızdan İlahə Qədimova, Zeynəb Məmmədyarova 6, Türkan Məmmədyarova ilə Nərmin Kazımova 5, Xəyalə İsgəndərova və Nərgiz Umudova 4,5, Gülnar Məmmədova 3,5 xal qazanıb. 11 turdan ibarət olan Avropa çempionatının mükafat fondu 140000 avro həcmində müəyyənləşdirilib.
Qeyd edək ki, kişilərin yarışında ilk 22, qadınlar arasında isə ilk 13 pilləni tutacaq şahmatçılar dünya kubokunda çıxış etmək hüququ əldə edəcək.