09:43 03-05-2008
news_image
500
STOLÜSTÜ OYUNLAR

“Qran-Pri” turnirinin 10-cu turunda yalnız Teymur Rəcəbov məğlub olub

Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bakıda təşkil olunan şahmat üzrə “Qran-Pri” turnirində X turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri hesabat turunda qələbə qazana bilməyib. 10-cu turda Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk (Rusiya), Vüqar Həşimov isə Sergey Karyakinlə (Ukrayna) heç-heçəyə razılaşıbsa, Teymur Rəcəbov autsayderlər qrupunda olan İvan Çeparinova (Bolqarıstan) məğlub olub. Günün digər qarşılaşmaları - Qata Kamski (ABŞ) - Van Yue (Çin), Pyotr Svidler (Rusiya) - Etyen Bakro (Fransa), Ernesto İnarkiyev (Rusiya) - Maykl Adams (İngiltərə), Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) görüşləri bərabərliklə nəticələnib. Bu nəticələrdən sonra A. Qrişuk xallarının sayını 6,5-ə çatdıraraq liderliyini qoruyub. Van Yue və V. Həşimovun 6, Ş. Məmmədyarov, M. Karlsen, M. Adamsın 5,5 xalı var. T. Rəcəbov, E. Bakro və Q. Kamski 5 xalla 7-9-cu yerləri bölür. P. Svidler, İ. Çeparinov və S. Karyakinin 4,5, E. İnarkiyevin 3,5, D. Navaranın hesabında isə 3 xalı var. Bu gün keçiriləcək 11-ci turda İ. Çeparinov - Q. Kamski, S. Karyakin - T. Rəcəbov, D. Navara - V. Həşimov, A. Qrişuk - M. Karlsen, M. Adams - Ş. Məmmədyarov, E. Bakro - E. İnarkiyev, Van Yue - P. Svidler cütü qarşılaşacaq.