12:22 03-05-2008
news_image
338
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Dünya kubokuna vəsiqə şansını saxlayıb

Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan şahmat üzrə şəxsi Avropa çempionatının 11-ci turuna yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışa qatılan 12 Azərbaycan şahmatçısından yalnız Rauf Məmmədov Dünya kubokuna vəsiqə qazanmaq şansını qoruyur. Milli komandamızın üzvü son görüşdə ermənistanlı Vladimir Akopyanla heç-heçə edərək xal hesabını 7,5-ə çatdırıb. Bu nəticə ilə 18-ci yerdə qərarlaşan qrossmeysterimiz yarışın əsasnaməsinə görə Dünya kubokuna vəsiqə əldə edən 22 şahmatçı sırasına düşə bilər. Bunun üçün o eyni xal toplayan idmançıların “pley off” oyunlarında da uğur qazanmalıdır. Belə ki, 11-34-cü yeri tutan 24 şahmatçının hesabında 7,5 xal var və onlar 12 vəsiqənin sahibini müəyyənləşdirməlidir. R. Məmmədovun ilk rəqibi rusiyalı Dmitri Andreykin olacaq. Son görüşü qələbə ilə başa vurmasına baxmayaraq, Qədir Hüseynov 7 xalla yalnız 48-ci olub. Digər təmsilçilərimiz Nicat Məmmədov 6,5 xalla 78-ci, Eltac Səfərli 6 xalla 149-cu, Fərhad Tahirov isə 4,5 xalla 261-ci yeri tutub. Qadın şahmatçılarımızdan İlahə Qədimova 6,5 xalla 40-cı pillədə qərarlaşıb. Zeynəb Məmmədyarova 6 xalla 66-cı, Türkan Məmmədyarova 5,5 xalla 82-ci yeri tutub. Hesabında 5 xal olan şahmatçılarımız Nərmin Kazımova 96-cı, Xəyalə İsgəndərova 98-cı, Nərgiz Umudova 112-ci olub. Cəmi 4,5 xal qazanan Gülnar Məmmədova 123-cü yerlə kifayətlənib. Qeyd edək ki, kişilərin yarışında ukraynalı Sergey Tivyakov, qadınlar arasında isə onun həmyerlisi Yekaterina Lahno qitə çempionu olub.