10:23 12-05-2008
news_image
566
STOLÜSTÜ OYUNLAR

FİDE-nin vitse-prezidenti Əli Nihat Yazıçı: “Prezident seçilsəm, FİDE-nin büdcəsini 1 milyard dollara çatdıraram”

- Bakıdakı Qran-Pri turnirinin nəticəsi və Azərbaycan şahmatçıları haqda nə fikirdəsiniz?
- Mən Vüqar Həşimovun uğur qazanacağına əvvəlcədən inanırdım. Çünki onunla söhbətdə Vüqarın qalibiyyət üçün alışıb-yandığının, turnirin gedişində isə maraqlı oynadığının şahidi olmuşdum. Şəhriyar Məmmədyarov son 1 ildə çalışmamasının acı nəticəsini gördü. İndi bundan dərs almış kimi görünür. Artıq çox çalışacağını və dünya çempionu olacağını söyləyir. Bu yarış onun üçün növbəti turnirlərə ciddi yanaşmaq baxımından önəmli oldu. Teymur Rəcəbova gəlincə, formada deyil. Ancaq hesab edirəm ki, bu problemi aradan qaldıracaq. Çünki o, çox istedadlı şahmatçıdır.
- Təşkilatçılıqla bağlı problem oldumu?
- Gizlətmirəm, bəli. İndiyədək dünyada 100 turnirin təşkilində yaxından iştirak etmişəm və bu baxımdan təcrübəliyəm. Fikrimcə, turnir Azərbaycan şahmatı üçün çox yaxşı oldu. Yarışda yalnız texniki cəhətdən problem yaşandı. Bu, əsasən internetlə bağlı idi. Qeyd edim ki, turnirə böyük maraq vardı. Canlı yayımı nəzərə almasaq, yarışın saytını 70 milyon istifadəçi ziyarət etdi. 195 video-montaj, internetdə isə təxminən 20 saatlıq teleyayım oldu. FİDE, ümumilikdə, yarışdan razı qaldı. Bütün sponsorlara təşəkkür edirik.
- FİDE rəhbərliyi qadınların dünya çempionatının Bakıda keçirilməsini istəyir. Bu məsələ nə yerdə qalıb?
- Hər şey ölkənizin qərarından asılıdır. FİDE prezidenti Kirsan İlyumjinov deyib ki, Azərbaycan şahmat ölkələri sırasında liderlərdəndir. Beynəlxalq qurum Bakıdan cavab gözləyir.
- Azərbaycanla müqayisədə, Türkiyə şahmatçıları elitada təmsil olunmurlar. Qardaş ölkə nümayəndələrini nə vaxtsa bu sırada görə biləcəyikmi?
- Buna şübhəniz olmasın. Bu, yaxın gələcəkdə reallaşacaq. Bir məqamı qeyd edim ki, Azərbaycanda böyük ənənəsi olan şahmat 100 ildir oynanılır. Türkiyədə isə fəal olaraq 4 ildir bu idman növünün inkişafına çalışırıq. Hazırda dünyanın ən böyük şahmat federasiyasıyıq, illik büdcəmiz 8 milyon avro təşkil edir, qurumun 237 min üzvü var. Bundan başqa, 1 milyon 800 min uşaq şahmatla məşğuldur. Bizdə Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi istedadlı şahmatçılar var və inşallah 5-6 il sonra yüksək səviyyəli turnirlərdə azərilərlə birgə yarışacaqlar.
- FİDE rəsmisi olaraq, bu gün nəyi dünya şahmatının əsas problemi hesab edirsiniz?
- Problemlər çoxdur. Ancaq bunlar tədricən azalır. Hesab edirəm ki, əsas problem şahmatın dünyada istənilən səviyyədə populyar olmamasıdır. Bunun üçün təbliğat gücləndirilməli, bu idman növünün kütləviliyinə, bütün ölkələrdə oynanılmasına, klubların sayının artırılmasına səylə çalışmaq lazımdır. Bunda FİDE və milli federasiyalardan çox şey asılıdır. Əminəm ki, şahmat olimpiya idman növləri proqramına daxil ediləcək. Hazırda iki deyil, bir dünya çempionunun olması müsbət haldır.
- Yeri gəlmişkən, tanınmış zəka sahibləri dünya çempionatının keçirilmə sistemindən, tez-tez dəyişiklik edilməsindən narazırdırlar. Hətta keçmiş dünya çempionu Harri Kasparov bununla bağlı şahmatdan ayrılmağa qərar verdi...
- Bəzi şahmatçılar tənqidlə məşğuldurlar. Ancaq belələri unutmasınlar ki, onların işi oynamaq, bizimki idarə etməkdir. Əgər şahmatçılar sistemlə bağlı nəsə etmək istəyirlərsə, gəlib seçilib burada çalışsınlar. Bu, mənim şəxsi fikrimdir, FİDE prezidenti Kirsan İlyumjinovun yox. Kasparova gəlincə, artıq təqaüdə çıxıb. Ancaq geri dönsə, yaxşı olardı.
- Hər halda, təcrübəli mütəxəssis kimi sizin də sistemlə bağlı fikrinizi bilmək maraqlı olardı.
- Təbii ki, hər sistemdə kiçik problemlər olur. Ümumiyyətlə, bununla bağlı kəskin etiraz edənlər yoxdur. Bəziləri dünya çempionatının müddətinin uzun olması ilə bağlı narazılıqlarını bildiriblər. Məncə, bu ciddi problem yaratmır. Qeyd edim ki, çatışmazlıqların aradan qaldırılması üçün zamana ehtiyac duyulur.
- Əvvəlki dövrün şahmatçıları ilə indikiləri müqayisə etsəniz, hansına üstünlük verərdiniz?
- Kasparov və Fişeri fərqləndirmək lazımdır. Onlar adlarını dünya şahmatına həkk etdiriblər. Bu məsələyə yanaşmada 20 il əvvəlki Kasparovla bugünkü Maqnus Karlsen, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov oynasa, necə olacağına diqqət yetirilməməlidir. Kasparov 20 il dünya şahmatının zirvəsində qalan birisidir. Yaddaşlara həkk olunanlar sırasına Alyoxin və Kapablankanı da əlavə etmək olar. İndiki şahmatçıların daha dinamik, enerjili, həyəcanlı olduğunu düşünürəm. Ancaq təcrübə qazanmalarına ehtiyac var. Mənə elə gəlir ki, getdikcə şahmat daha əyləncəli və maraqlı olacaq.
- Bu sahədə kompüterin önə çıxmasının, yaradıcılığı arxa plana atması fikri ilə razısınızmı?
- Qətiyyən. Axı, şahmat niyə kompüterlə müqayisə edilir? Digər tərəfdən, hesab edirəm ki, kompüter şahmatçılara yaradıcılıq baxımından mənfi deyil, müsbət təsir göstərir. Məsələn, Bakıdakı yarışda 10 yeniliyə rast gəldim.
- FİDE prezidenti olmağı düşünürsünüzmü?
- Əlbəttə. Mənim əsas prinsipim böyük işlər görməkdir! FİDE prezidenti olmaq mühüm planlarımdandır.
- Bu, nə dərəcədə realdır?
- 2006-cı ildə İtaliyada keçirilən FİDE prezidentliyinə seçkilərdə ilk dəfə iştirak etsəm də, istəyimə çatmadım. Qurumun rəhbəri Kirsan İlyumjinovla hər hansı problemim yoxdur. Mənim problemim onun ətrafındakı komanda ilə bağlı idi. İlyumjinov tənqidlərimizə normal yanaşdığı müddətdə onunla birgə çalışacağıq. İnşallah bir gün FİDE prezidenti olacağam. 2010-cu ili düşünmürəm. 44 yaşım olsa da, özümü gənc hiss edirəm və arzum 2014 və ya 2018-ci ildə reallaşa bilər.
- Beynəlxalq qurumun rəhbəri olsanız, atacağınız ilk addım nədən ibarət olacaq?
- FİDE prezidenti olsaydım, şahmata yeni nəfəs gətirər, 1 il müddətində bütün dünya ölkələrinin məktəblərində bu idman növünün təbliğinə nail olardım. Bundan başqa, beynəlxalq qurumun büdcəsini 1 milyard dollara çatdırardım.
- Belə çıxır ki, FİDE-nin maddi-texniki bazası zəifdir.
- Hazırda FİDE-nin illik büdcəsi 1 milyon dollar təşkil edir. Günü-gündən şahmata sponsorların axını sürətlənir.
- Yaxın gələcəkdə Türkiyə və Azərbaycan şahmatçılarının dostluq görüşünü təşkil etmək niyyətiniz varmı?
- Bunu hər zaman istərdik. Ancaq arada fərq böyükdür. Azərbaycan yığması olimpiada qalibi olmağa qadirdir. Gələn il dostluq görüşü keçirmək planlaşdırılır.