22:56 22-12-2017
news_image
572
TOP OYUNLARI

1/4 finaldan dördündən biri keçdi

Qadınlar arasında voleybol üzrə Türkiyə kubokunda 1/4 final oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Ankarada keçirilən final mərhələsində milli komandamızın üzvlərinin çıxış etdiyi klublar növbəti matçlarına çıxıblar.

 

Günün ilk matçında əzəli derbi baş tutub. “Qalatasaray” Marqarita Əzizovanın çıxış etdiyi “Beşiktaş”la oynayıb. Matç “cimbom”un 3:0 (25:17, 25:17, 25:20) hesablı qələbəsi ilə başa çatıb. Marqarita bu görüşdə 4 xal toplayıb.

 

Ardınca Yana Kulanın komandası “Kameroğlu Beylikdüzü” “Vakıfbank”la qarşılaşıb. Bu oyun da həmyerlimizin komandası üçün uğursuz olub. Yana Kulanın topladığı 6 xal da klubunun 0:3 (21:25, 16:25, 23:25) hesablı məğlubiyyətinə əngəl olmayıb.

 

Günün son qarşılaşmasında isə yığmamızın iki voleybolçusu üz-üzə gəlib. Polina Rəhimovanın “Fənərbaxça”sı Odina Bayramovanın forma geyindiyi “Seramiksan” ilə mübarizə aparıb. Bu dəfə də “quru hesablı” qələbə qeydə alınıb. Sevinən tərəf Rəhimovanın çıxış etdiyi “Fənərbaxça”olub – 3:0 (25:22, 25:21, 25:18). Millimizin hücumçusu 8, Bayramova isə 6 xal toplayıb.

 

Qeyd edək ki, yarımfinalda yığmamızın sadəcə bir voleybolçusu çıxış edəcək. Polinalı “Fənərbaxça” “Vakıfbank”la oynayacaq. Final uğrunda digər matçda isə “Eczaçıbaşı” “Qalatasaray”la mübarizə aparacaq.