16:04 12-05-2008
news_image
515
STOLÜSTÜ OYUNLAR

Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident Kuboku” beynəlxalq şahmat festivalının rəsmi açılış mərasimi keçirilib

“APA-Sport” agentliyinin məlumatına görə, rəsmi hissədə Respublika Şahmat Mərkəzinin direktoru Emin Həşimov qısa nitq söyləyərək turniri açıq elan edib. Dövlət himnimiz səsləndirildikdən sonra isə səhnəyə gənclər və idman naziri Azad Rəhimov dəvət olunub. Nazir çıxışında iştirakçılarının sayının çoxaldığını bildirib: “Bu turnirin xüsusi özəlliyi, onun mərhum prezidentimizin 85 illik yubileyi ilə üst-üstə düşməsidir. Yarışın ilk növbədə maraqlı idman mübarizəsi şəraitində keçməsini arzulayıram. İştirakçılarının sayının çoxalması sevindirici haldır. Bu, turnirə marağın artmasının göstərir. İstərdim ki, qalib ya Azərbaycan şahmatçısı, ya da başqa ölkənin tanınmış qrossmeysteri olsun”. Milli Bankın İdarə Heyətinin sədri, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov isə çıxışında Bakıda nüfuzlu yarışların keçirilməsinin ənənə halını aldığını xüsusi vurğulayıb: “Mərhum prezidentimiz Heydər Əliyev ölkəmizdə şahmatın inkişafı üçün böyük işlər görüb. Bu gün də onun işi davam etdirilir. Belə turnirlər ölkəmizdə şahmatın kütləviləşməsinə töhfə verir. Şahmatçılarımız son dövrlər ciddi nəticələr qazanıblar. Bir müddət əvvəl Bakıda Qran-pri turnirini təşkil etdik. Qaliblər arasında Azərbaycan şahmatçısı Vüqar Həşimovun da yer alması bizi çox sevindirdi. Yaxın zamanda isə Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul olunacaq. Bu da inkişafı bir qədər də sürətləndirəcək”.