14:36 24-01-2018
news_image
786
TOP OYUNLARI

Rusiya millisinin baş məşqçisi Azərbaycanla oyunun hazırlığından danışdı

“Son 10 ildə bu hədəfə doğru irəliləmişəm”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Rusiya millisinin yeni baş məşqçisi Vadim Pankov deyib.

 

“Zariçye-Odintsovo”nu da çalışdıran mütəxəssis yığmanın “sükanı arxasına” keçməsi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, 2009-cu ildə də bununla bağlı müzakirələr olsa da, yekunda baş məşqçi seçilməyib: “Həmin vaxt məndən başqa daha 2 namizəd vardı. Mən ötən il də buna cəhd etdim. Amma sonda Vladimir Kuzyutkini təyin etdilər”.

 

Rusiya millisi bu il Yaponiyada keçiriləcək dünya çempionatında Azərbaycan, ABŞ, Cənubi Koreya, Tailand, Trinidad və Tobaqo ilə C qrupunda mübarizə aparacaq. Pankov yığmamız da daxil olmaqla, digər görüşlərə hazırlıq planını və mundialdakı hədəflərini də açıqlayıb: “Bizim dünya çempionatının hazırlığı üçün 3 ay vaxtımız var. Bütün qüvvəmizi çatışmazlığın aradan qaldırılmasına həsr edəcəyik. Çox şey ayrı-ayrı oyunçuların sağlamlığı və yorğunluğundan asılı olacaq. Hazırda əsas vəzifəmiz milli çempionatda çıxış edən voleybolçuları izləməkdi. İlk təlim-məşq toplanışı ərəfəsində kimlərin oynayacağını müzakirə edib, müəyyənləşdirəcəyik. Yayda 5 həftə ərzində yoxlama matçları keçirəcəyik. Təbii ki, müxtəlif “altılıqlar”ı yoxlayacağıq. Millətlər Liqasına çıxmağın da öhdəsindən gəlməliyik. DÇ-2018-dəki hədəfimizə gəlincə, biz yarımfinala çıxmalıyıq. Medal qazansaq, lap yaxşı olar. Bu, gerçəkləşməli olan arzumuzdu”.

 

Qeyd edək ki, ruslarla oyunumuz oktyabrın 2-də Kobedə olacaq.