13:32 15-05-2008
news_image
671
STOLÜSTÜ OYUNLAR

Üçüncü muşketyor

Azərbaycan şahmatı tarixinin bəlkə də ən hərəkətli dövrünü yaşayır. Artan ciddi nəticələr və Bakıda təşkil olunan mötəbər turnirlər bu sahədəki canlanmanın bariz nümunələridir. Bunlar özü yerində. Mənim əsas məqsədim daha vacib və qlobal məsələyə toxunmaqdır. Şübhəsiz ki, elitada çıxış edən qrossmeysterlər daha çox diqqət mərkəzində olur. Onların iştirakı daim izlənilir, personaları haqda məlumatlar maraqla oxunur. Bir sözlə, dünya şahmatında dəbi elitar turnirlərin elitar nümayəndələri müəyyənləşdirirlər.
Son üç-dörd ildə Azərbaycan şahmatçıları da elitaya daxil olmağı və orada möhkəmlənməyi bacarıb. Ona görə də Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi istedadların ən nüfuzlu turnirlərə dəvət almasını adi hal kimi qarşılayırıq. Bir sadə məntiqlə ki, şahmatçılarımız belə diqqəti öz parlaq oyunları və sabit çıxışları ilə qazanıblar. Bunun nəticəsi kimi də Azərbaycan hazırda Rusiyadan sonra elitada iki cəsur muşketyorla təmsil olunan yeganə ölkədir.
Az öncə daha bir həmyerlimiz elitaya layiq olduğunu göstərdi. Vüqar Həşimovu nəzərdə tuturuq. O da məşhur həmkarları ilə eyni vaxtda şahmata qədəm qoymuşdu. Sadəcə, səhhətində yaranan ciddi problem ucbatından potensialını tam aça bilmədi. Amma müalicə Həşimovun 3-4 ilini “oğurlasa” da, istedadını əlindən ala bilmədi. 2007-ci ildən fəal yarışlara qatılan 22 yaşlı şahmatçı, qısa zaman kəsiyində özündən söz etdirməyi bacardı. Milli komandamızın tarixində ilk dəfə Avropa çempionatının bürünc medalını qazanmasında böyük pay sahibi olan Vüqarın ciddi uğurlara can atması Rusiyanın klublararası çempionatında üzrə çıxdı. İddiasız komandaya başçılıq edən həmyerlimizin birinci lövhədə tanınmış qrossmeysterləri məğlub etməsi mütəxəssislərin də diqqətindən yayınmadı. Həşimov nəhayət, “mən də varam” sözünü Bakıda dedi. Nüfuzlu Qran-Pri turnirinə meydan sahibi olduğumuza görə qatılmaq şansı qazanan gənc qrossmeyster heç kimin gözləmədiyi halda qaliblər sırasında yer aldı. Məlum səbəbdən uzun müddət Şəhriyarla Teymurun kölgəsində qalan Vüqar, parlaq və inamlı çıxışı ilə komanda yoldaşlarından zəif olmadığını isbatladı. Fikrimcə, bu qələbə ilə ilk növbədə özünəinam hissini qaytardı. Eyni zamanda, elitaya layiq olduğunu göstərdi.
Həşimovun sürətli yüksəlişindən Azərbaycan şahmatı da qazandı. “Bizim də elitada iki deyil, üç muşketyorumuz var” fikrini çəkinmədən deyə bilərik. Eyni zamanda, son nailiyyətlər nə qədər sevindirici olsa da, Vüqarın üzərinə əlavə məsuliyyət düşdüyünü vurğulamaq lazımdır. Elitaya yüksəlmək asan məsələ olmasa da, orada duruş gətirmək ikiqat çətindir. Bu isbata ehtiyacı olmayan aksiomadır. Ona görə də, inanmaq istərdik ki, elitaya ayaq açan üçüncü muşketyorumuz da bu məsul vəzifənin öhdəsindən layiqincə gələcək.