18:01 19-05-2008
news_image
1123
DİGƏR NÖVLƏR

Azərbaycanın boks üzrə milli komandasının üzvü Ramal Amanov: “Azərbaycan vətəndaşlığından imtina edəcəyəm”

Bu nailiyyətlərimi möhtərəm prezidentimiz İlham Əliyev də yüksək qiymətləndirib. Prezident təqaüdçüsüyəm. Amma məni ciddi əsas olmadan, insan yerinə qoymadılar. Möhtərəm prezidentimizə ailəmiz adından məktub yazacağıq. Ondan bu məsələ ilə maraqlanmasını xahiş edəcəyəm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunaraq, bir müddət idarədə saxlanıldıqdan sonra azadlığa buraxılan Azərbaycanın boks üzrə milli komandasının üzvü Ramal Amanov deyib. R. Amanov Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərovla birgə polis əməkdaşları tərəfindən saxlanılmasını belə izah edib: “Dostlarımla “Gənclik” metrosunun yaxınlığındakı çayxanada oturmuşduq. Vüqar Ələkbərov gəlib dedi ki, vaxtımız varsa, onunla gedək. Etiraz etmədik. Vüqarı dediyi yerdə iki nəfər gözləyirdi. O, bir az söhbət etdikdən sonra məni yanına çağırdı. Nə baş verdiyini soruşduqda “bu maşını “Gəncliy”ə apar, mən də gəlirəm” dedi. Həmin şəxslər etiraz etmədiyindən, Vüqarın dediyini yerinə yetirdim. Bir neçə dəqiqədən sonra Vüqar özü də gəldi. Açarları məndən alandan sonra nə baş verdiyini soruşdum. Cavabında həmin şəxsin 7 aydır, ona borclu olduğunu bildirdi. Vüqar onun bir azdan pulu gətirəcəyini və maşının açarlarını təhvil alacağını dedi. Amma təyin olunan vaxtda həmin şəxsin əvəzinə polislər gəldilər və bizi qandallayıb apardılar”. 24 yaşlı boksçu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrlə üzləşdiyini qeyd edib: “Məndən demək olar heç nə soruşmurdular. Prezident təqaüdçüsü olduğumu desəm də, “sən lotusan?” deyib döyürdü, bəlkə də 20 dəfə barmaqlarımdan bədənimə cərəyan keçirdilər. Şoka düşmüşdüm, iki saat belə davam edəndən sonra məni zirzəmiyə atdılar, gecəni səhərə kimi titrədim. Halsızlıqdan və ağrıların təsirindən yerimdən tərpənə bilmirdim. Yalnız Ağacan Abıyev işə qarışdıqdan sonra məni evə buraxdılar. Amma evdə çox qala bilmədim. Təcili yardım çağırdıq, məni “Semaşko” xəstəxanasına apardılar. Harada döyüldüyümü eşitdikdən sonra mənə lazımi xidmət göstərmədilər. Yalnız dimedrol verib yatırtdılar. Ağacan müəllim gəlib hay-küy salandan sonra rentgenə düşdüm, reanimasiya şöbəsinə yerləşdirib sistem qoşdular. Daxili orqanlarımın əksəriyyəti zədələnib. Axı nəyə görə belə olmalıdır? Mən ki, dövlətə, prezidentə qarşı çıxmamışam. Bundan sonra belə vəziyyətdə yarışlarda iştirakım mümkün deyil”.
Boksçu başına gələnlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə də müraciət edəcəyini bildirib: “Ağacan müəllimlə danışmışam. Bu hadisədən sonra Azərbaycanda döyüşmək istəmirəm. Heç bir ölkədə idmançıya belə münasibət göstərilmir. Ona görə də başqa ölkəni təmsil etmək istəyirəm. İdarəyə gəlib izahat verən qarşı tərəf günahsız olduğumu desə də, işgəncəni dayandırmadılar. Bəyəm mən adam öldürmüşəm?”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov isə “APA-Sport”a açıqlamasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində boksçulara işgəncə verilməsi ilə bağlı verilən məlumatları təkzib edib. DİN sözçüsü deyib ki, idarədə işgəncə verilməsi barədə deyilənlər uydurmadır.