10:04 20-05-2008
news_image
437
STOLÜSTÜ OYUNLAR

Fərid Abbasov “Prezident kuboku” turnirində liderdən yarım xal geri qalır

Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, festivalın nüfuzlu açıq birinciliyində turnir cədvəlinə səkkiz oyundan 7 xal toplayan rusiyalı Yevgeni Nayer başçılıq edir. Liderin ən yaxın izləyiciləri sırasında Azərbaycan şahmatçısı Fərid Abbasov (6,5 xal) da yer alıb. Beynəlxalq qrossmeysterimiz son matçını bu gün Aleksandr Lastinə (6,5 xal) qarşı keçirəcək. Hərəyə 6 xal toplayan Sərxan Quliyev, Qədir Hüseynov və Rauf Məmmədov da fəxri kürsüyə yüksəlmək şanslarını saxlayırlar.
Qeyd edək ki, festivalın mükafat fondu 85000 ABŞ dolları həcmində müəyyənləşdirilib. Açıq turnirin qalibi 7000 dollar və kuboka sahib çıxacaq. Festivala sabah təşkil olunacaq blits turnirlə yekun vurulacaq.